• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 fevral 2019-cu il

    Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə ilə görüşüb.

    Görüşdə Akademiyanın Elmi tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə, baş elmi işçi, əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev və aparıcı elmi işçi, dosent Ariz Abduləliyev də iştirak edib.
    Müsiqişünas alimləri salamlayan Kamran İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatları xüsusi qeyd edib və Agentliyin ölkəmizdə əqli mülkiyyət hüquqları, o cümlədən müəlliflik hüququ və folklor nümunələrimizin qorunması sahəsində həyata keçirdiyi tədbirlər haqqında danışıb.
    Gülnaz Abdullazadə ermənilər tərəfindən xalqımızın müsiqi əsərlərinə qarşı saxtakarlıq fəaliyyətinin Bakı Musiqi Akademiyasında elmi cəhətdən araşdırılması sahəsində görülən işlər barədə məlumat verərək bu istiqamətdə aparılan işlərdə Agentliyin dəstəyinə ehtiyaclarının olduğunu diqqətə çatdırıb. Qonaqlar Azərbaycan xalq musiqi alətlərinin təbliği üçün beynəlxalq festivalların təşkilinin vacibliyini, kustar vasitələrlə düzəldilmiş musiqi alətləri ilə dünya səviyyəsinə çıxmağın mümkün olmadığını və belə alətlərin istehsalı üzrə fabrikin tikilməsinə ehtiyacın olduğunu diqqətə çatdırıb, bu sahədə təbliğat işinin artırılması məqsədilə alimlərin elmi araşdırmalarının çap olunmasında dəstəyə ehtiyaclarının olduğunu vurğulayıb.
    Kamran İmanov ermənilərin plagiat fəaliyyətinin əsas səbəbinin onların Azərbaycan xalqının tarixi torpaqlarında avtoxton olduqlarını sübut etmək olduğunu xüsusi vurğulayaraq Əqli Mülkiyyət Agentliyinin Azərbaycan müəlliflərinin əsərlərinin və folklor nümunələrinin erməniləşdirilməsi cəhdlərinə qarşı mübarizə apardığını, bununla əlaqədar tarixi, etimoloji-liqvistik və hüquqi cəhətdən əsaslandırılmış arayışlar və şərhlər hazırlandığını, erməni saxtakarlıqları barədə beynəlxalq təşkilatlara, o cümlədən ÜƏMT və YUNESKO-ya etiraz məktubları göndərildiyini diqqətə çatdırıb və bu mövzuda çoxsaylı konfrans, dəyirmi masa və digər tədbirlər keçirildiyini, kitablar, müxtəlif növ təbliğat materiallarının çap olunaraq geniş ictimaiyyət arasında yayıldığını bildirib.
    Görüşdə Agentlik tərəfindən Bakı Musiqi Akademiyasının əməkdaşlarının erməni saxtakarlıqlarının ifşa olunması sahəsindəki fəaliyyətlərinə dəstək veriləcəyi, o cümlədən onların elmi araşdırmalarının çap olunmasında köməklik göstəriləcəyi, Agentlik tərəfindən təşkil olunan tədbirlərdə məruzə ilə çıxış etmələrinə şərait yaradılacağı xüsusi qeyd edilib və gələcək səmərəli əməkdaşlığa inam hissi ifadə olunub.