• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “Motsart dühası – 270”

    2026-cı il mayın 12-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında dahi bəstəkar Volfqanq Amadey Motsartın anadan olmasının 270 illiyinə həsr edilən “Motsart dühası – 270” Respublika müsabiqəsinin bağlanış tədbirikeçiriləcək. Layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyasının dəstəyi və BMA-nın İxtisas musiqi məktəb-studiyasının təşəbbüsü ilə reallaşdırılır.

    Müsabiqənin əsas məqsədi V.A.Motsartın zəngin yaradıcılıq irsinin gənc ifaçılar arasında təbliği, klassik ifaçılıq ənənələrinin qorunması və musiqi estetikası baxımından dərindən mənimsənilməsidir.

    Müsabiqəyə Azərbaycanın 23 regionundan 250-yə yaxın müraciət daxil olub. İştirakçılar arasında uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri ilə yanaşı, Qarabağ Universitetinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri də yer alıblar. 

    6 – 15 aprel tarixlərində videoyazılar əsasında keçirilən I turun nəticələrinə əsasən 102 iştirakçı II mərhələyə vəsiqə qazanıb. 

    Qeyd edək ki, məktəb-studiyanın hər il təşkil etdiyi müsabiqələr gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və peşəkar səhnəyə hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Bu ənənə pianoçu, alim, pedaqoq, Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovun təşəbbüsü ilə formalaşan musiqi layihələrinin uğurlu davamı kimi dəyərləndirilir. Onuntərəfindən əsası qoyulan bu ənənələr artıq neçə ildir ki, Məktəb-studiyaya rəhbərlik edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova tərəfindən layiqincə yaşadılır və inkişaf etdirilir.