“ÜZEYİR HACIBƏYLİNİN MİLLİ MƏQAM SİSTEMİ GƏNC MUSİQİÇİLƏRİN TƏDRİS REPERTUARINDA” III RESPUBLİKA MÜSABİQƏSİ
Azərbaycan musiqi elmi və təhsilinin inkişafı istiqamətində daim innovativ, maraqlı layihələrlə töhfə verən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyası 18 fevral 2025-ci il tarixində “Üzeyir Hacıbəylinin milli məqam sistemi gənc musiqiçilərin tədris repertuarında” III Respublika müsabiqəsinin II mərhələsinə start verib. Müsabiqənin birinci mərhələsi 22 yanvar 2025-ci il tarixində Youtube internet platformasına yerləşdirilimiş videoçəkiliş əsasında keçirilmişdir.
Layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən dəstəklənir.
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun müəllif layihəsi əsasında keçirilən bu müsabiqə ənənə halını almışdır. Belə ki, 2015-ci və 2017-ci illərdə “Üzeyir Hacıbəylinin milli məqam sistemi gənc musiqiçilərin tədris repertuarında” I və II Respublika festivalları baş tutmuşdur. Bunun davamı olaraq, cari ildə əlamətdar tarixlərə – Üzeyir Hacıbəylinin 140 illiyinə və Məktəb-studiyanın 45 illiyinə həsr olunmuş eyniadlı III Respublika müsabiqəsi təşkil olunmuşdur.
24 fevral tarixində Üzeyir Hacıbəyli adına BMA-nın Böyük zalında Qaliblərin mükafatlandırılması və yekun konsert keçiriləcək.
Müsabiqənin məqsədi milli musiqimizin zəngin ənənələrinin qorunub saxlanılması, gənc musiqiçilərin bu sahədəki bilik və bacarıqlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsidir.