İki yaradıcı insanın birgə müəllif konserti
2024-cü il 30 iyun tarixində Rus evində Aytən Oqtayqızı və Nuranə Zeynalovanın müəllif konserti keçiriləcəkdir. Bu konsertdə istedadlı musiqiçilərin müxtəlif illərdə yaratdığı əsərləri yer almışdır. Bəzi əsərlər ilk dəfə dinləyicilərə təqdim olunacaqdır. Konsertdə ifaçılardan Beynəlxalq və Respublika müsabiqələr laureatları vokal ifaçılıları Güllübəyim Məmmədova, Yuliya Heydərova, Rüfət Piriyev, Teymur Kazımov və digər musiqiçilər, həmçinin BMA-nın İxtisas musiqi məktəb-studiyanın şagirdləri – Yusuf Məmmədli, Həcər Əsədullayeva da çıxış edəcəklər. Bir çox kompozisiyalar müəlliflər tərəfindən müşayiət və ifa olunacaqdır.
Bəzi əsərlər müəlliflərin birgə işi əsasında ərsəyə gəlmişdir. Belə ki, Aytən Oqtayqızının sözlərinə “Mən də əsgərəm, ana!” kompozisiyasının musiqi müəllifi Nuranə Zeynalovadır. A.Oqtayqızının Üzeyir Hacıbəliyə ithaf olunmuş “Dəyərli ömür” kompozisiyasının iki fortepiano üçün işləməsi N.Zeynalova tərəfindən hazırlanmışdır. Vurğulanmalıdır ki, bu əsər müəlliflərin ifasında səslənəcəkdir.
Konsertdə maraqlı məqamlardan biri də Aytən Oqtayqızının “Yaradan” seçilmiş musiqi əsərləri toplusu və “Sükutumun nəğməsi” şeir kitabının, Nuranə Zeynalovanın professor Tərlan Seyidovun layihəsi əsasında “Poeziya, rəsaamlıq və musiqidə İlin fəsilləri” layihəsi əsasında “Poeziyada ilin fəsilləri” (həmmüəllif Anna İsrafilova) və “Musiqidə ilin fəsilləri” elektron dərsliyinin, təqdimatı da planlaşdırılmışdır.
Aytən Oqtayqızı ilk musiqi təhsilini Bülbül adına Orta ixtisas musiqi məktəbinə almışdır. Sonra isə o, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında musiqişünaslıq ixtisası üzrə təhsilini davam etdirmişdir. Elmi rəhbərləri: professorlar Gülnaz Abdullazadə, Elmira Abasova və Zemfira Qafarova olmuşdur. Aytən “Arif Məlikovun kamera-instrumental və kamera-vokal yaradıcılığı” adlı dissertasiyasını müvəffəqiyyətlə bitirib müdafiə etmişdir.
Onun bir sıra qəzet və jurnallarda müxtəlif mövzulu məqalələri dərc olunmuş, metodik işləri, dərs vəsaitləri hazırlanmışdır. Eyni zamanda, o, bir-neçə kitab və proqramların elmi redaktoru olmuşdur. Arif Məlikovun əsərlərinin disklərinə giriş sözünün müəllifidir.
2019-cu ildə Nəsimi ili çərçivəsində dahi şairin anadan olmasının 650 illiyinə həsr olunmuş “Имадеддин Насими. Добрый день”, 2021-ci ildə Nizaminin 880 illiyinə həsr olunmuş «Низами Гянджеви. Истина» (Sankt-Peterburqda “D`ART” nəşriyyatı) adlı kitabları tərtib etmişdi. 2020-ci ildə isə Aytən Oqtayqızının Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında “Arif Məlikov: tarix və müasirlik” adlı kitabı nəşr olunub. “Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı” və “Musiqiyə səyahət” adlı kitabların elmi redaktorudur.
Aytən Oqtayqızı 2012-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasında aparıcı elmi işçi və müəllim vəzifəsində çalışır. 2021-ci ildən həmin müəssisədə elmi-metodiki işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.
Onun 120-də artıq Azərbaycan və rus dillərində sayt, qəzet və jurnallarda informasiyalar, resenziyalar və məqalələri dərc olunub. Mütamadi olaraq Beynəlxalq və Respublika elmi konfranslarında çıxış edir.
Aytənin hələ məktəb illərindən musiqi bəstələməyə marağı həddən artıq çox idi. Bu istəyin nəticəsində o, bir sıra mahnı, kompozisiya, kamera-instrumental əsərlər yazmağa başlamışdır. Tələbəlik illərində fakültətiv olaraq görkəmli bəstəkar Tofiq Quliyevin dərslərində iştirak etmişdir. Görkəmli bəstəkar Arif Məlikovla uzun illərə dayanan ünsiyyəti sonrakı illərdə Aytən Oqtayqızının yaradıcılığında öz bəhrəsini vermişdir.
Aytən Oqtayqızı yaratdığı əsərlərdə müxtəlif mövzulara toxunur: lirik, vətənpərvər, təbiət, ithaf, tarixi. Onun mahnıları müxtəlif şairlərin, həmçinin öz sözlərinə bəstələnib. Musiqi bəstələməklə yanaşı onun şeiriyyata da böyük həvəsi var. Mahnıları Azərbaycanın Xalq və Əməkdar artistləri ifa ediblər, instrumental əsərləri musiqiçilər tərəfindən ifa olunub. Hazırda o, həm elmi, həm yaradıcı işlə məşğul olur.
Nuranə Zeynalova hal-hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində İxtisas musiqi məktəb-studiyasında müəllim kimi çalışır. Azər Dadaşov, Afaq Cəfərova, Gülnaz Abdullazadə və Xəyyam Mirzəzadənin sinfində bəstəkarlıqla məşğul olmuşdur. Pianoçu kimi dosent Kəmalə Mirbabayeva, Gülnarə Əhmədova, professor Tərlan Seyidovun sinfində təhsil almışdır. Respublika və Beynəlxalq müsabiqələr laureatıdır. Bir neçə dərs vəasiti, metodik vəsait, metodik işlərin müəllifidir. Müxtəlif konsert və müsabiqələrin iştirakçısı olmuş, konfranslarda çıxış etmiş, məqalə və elmi-metodiki işləri qəzet və jurnallarda çap olunmuşdur. “Dostum fortepiano” adlı metodik vəsaitin, “Birgə çalaq” ansambl üzrə dərs vəsaitinin müəllifidir. “Rəssamlıqda ilin fəsilləri”, “Musiqidə ilin fəsilləri” elektron vəsaitin müəllifidir.
2016-cı ildə təsdiqlənmiş “Azərbaycan fortepiano ifaçılığında elmi axtarışların tətbiqi problemləri” adlı dissertasiya mövzusu üzərində işləyir (elmi rəhbər – G.Abdullazadə).
2022-ci il 3 iyunda Mədəniyyətin Təbliği və .Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən Azərbaycan fortepiano ifaçılığı məktəbinin inkişafında göstərdiyi uğurlu pedaqoji fəaliyyətə görə xüsusi Diplomla təltif olunmuşdur.
Nuranə Zeynalova müəllim, pianoçu və bəstəkar kimi fəaliyyətini davam etdirir.