• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məktəb-studiyanın həyata keçirtdiyi qarşlıqlı əlaqələr prinsipi

     

    Azərbaycan musiqi tədris və təhsili sisteminin təkmilləşməsi və inkişafı istiqamətində daim müxtəlif layihələri ilə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü il 30 may tarixində Sumqayıt şəhər Qara Qarayev adına 1 №-li Uşaq Musiqi Məktəbində konsert təşkil etməyi nəzərdə tutub. Həmin konsertdə məktəb-studiyanın müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri çıxış edəcəklər.

    Görkəmli musiqi xadimi, məktəb-studiyanın yaradıcısı və 40 ildən artıq rəhbəri olmuş professor Tərlan Seyidovun Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən fundamental fikir və düşüncələri gənc nəslin professional həyatında xüsusi rol oynamışdır. Belə ki, məktəb-studiyanı bitirmiş istedadlı şagirdlərin əksəriyyəti ölkəmizin musiqi həyatında önəmli işlər həyata keçirmiş və bunun müqabilində dövlət tərəfindən yüksək qiymətə layiq görülmüşlər.

    Çox fərəhləndirici haldır ki, Sumqayıt şəhər Q.Qarayev adına 1 №-li Uşaq Musiqi Məktəbinin direktoru Vüqar Hacıyev məktəb-studiyanın uğur qazanmış yetirmələrindəndir. O, öz müəllimlərinin layiqli davamçısı kimi çıxış edərək Azərbaycan musiqi təhsil və tədrisinin inkişafı yolunda peşəkar fəaliyyət sərgiləyir.

    Bu layihənin keçirilməsi ilk növbədə məktəblərarası yaradıcılıq əlaqələrinin möhkəmlənməsinə yönəlmişdir. Eyni zamanda, bir çox layihələrin təşəbbüskarı kimi hər zaman ön sıralarda olan məktəb-studiya uzun illər qazanılmış təcrübəsi və həyata keçirtdiyi məhsuldar işlərini ölkə üzrə fəaliyyət göstərən Uşaq Musiqi Məktəbləri ilə bölüşmək arzusundadır.

    Ümumiyyətlə, professor Tərlan Seyidovun yaratdığı məktəb-studiya təkamül yolunu hər zaman qarşılıqlı əlaqələr prinsipində görür və çalışır ki, bu ənənəni qoruyub saxlasın.