• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Tərlan Seyidovun xatirəsinə ithaf

     

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyası 15 mart 2023-cü il tarixində BMA-nın Böyük zalında Respublikamızın musiqi mədəniyyəti və elminə öz böyük töhfəsini vermiş Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun xatirəsinə ithaf olunmuş tədbir keçirəcək.

    Yüksək intellekt və bacarıq, gözəl təşkilatçılıq kimi xüsusiyyətləri özündə cəmləşdirən məktəb-studiyanın yaradıcısı Tərlan Seyidov öz işinə daim məsuliyyətlə yanaşar və ətrafında olan insanları bu dəqiqliyə riayət etməyə çağırardı. Onun yarım əsrə yaxın bir vaxt ərzində musiqinin tərbiyə, maarifçilik, elmi-tədqiqi prosesləri sahəsində apardığı işlərin həcmi həqiqətən də heyrətləndirici və təqdirə layiqdir.

    Professor Tərlan Seyidov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının «İxtisas fortepiano» kafedrasının nüfuzlu müəllimlərindən biri olmuşdur. Məhsuldar pedaqoji işi ilə yanaşı o, daim elmi araşdırmalarla məşğul olur və yeni ixtiralarını təcrübədə uğurla tətbiq edirdi. T.Seyidov, daim Azərbaycan musiqisinin təbliğatı ilə əlaqədar tədbirlər təşkil edən, respublikamızda ümumi musiqi təhsilinin islahat problemlərinin həll olunması sahəsində fəal və müvəffəqiyyətlə çalışan əsl maarifçi idi.

    Musiqişünas-alim kimi Tərlan Seyidov Azərbaycan ifaçılıq müsiqişünaslığının yaradıcısı olmuşdur. O, XX əsrin Azərbaycan milli fortepiano mədəniyyətinin (pedaqogika, ifaçılıq və bəstəkar yaradıcılığı sahələri üzrə) dərin bilicisi idi.

    Maraqlı, cəsarətli və orijinal ideyaların müəllifi olmuş Tərlan Seyidov daim çalışırdı ki, gələcəyimizi əmanət etdiyimiz uşaqlar hərtərəfli bilik və bacarığa sahib olsunlar. Onun bu istiqamətdə atdığı vacib addımlardan biri də 1980-ci ildə təsis etdiyi BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası olmuşdur. Hər zaman yüksək fəaliyyəti ilə seçilmiş məktəb-studiya bu gün də T.Seyidovun qoyduğu ənənələri üzrə addımlayır.

    Məktəb-studiyanın işçi heyəti tərəfindən hazırlanmış xatirə tədbirində, müdrik rəhbər və müəllim, professor Tərlan Seyidov tərəfindən yaradılmış təhsil müəssisəsinin yetirmələri, hal-hazırda isə Azərbaycanın mədəni həyatında və onun hüdudlarından kənarda uğurları ilə hər birimizi qürurlandıran musiqiçilər çıxış edəcəklər. Onların arasında Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Fuad İbrahimov, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov, II Qarabağ müharibəsinin qazisi, bəstəkar Vüqar Məmmədzadə və məktəbin digər məzunları olacaq. Tədbirdə həmçinin Azərbaycanın görkəmli musiqi xadimləri öz xatirələrini bölüşəcəklər.

    Azərbaycan musiqi mədəniyyətinin inkişafı yolunda misilsiz rolu olmuş professor Tərlan Seyidovun əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

     

    BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının

    böyük elmi işçisi Şəfəq Hacıyeva