• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 iyun 2022-ci il

    Bu gün görkəmli Azərbaycan musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru (1992), Bakı Musiqi Akademiyasının professoru (2005), İndiana Universitetinin müəllimi (2007) Aida Nemət qızı Hüseynova vəfat etmişdir.

    Azərbaycan musiqi elminin inkişafında onun xidmətləri çox böyükdür.

    O, 1992-ci ildə Sankt-Peterburq Dövlət Konservatoriyasında  bəstəkar Müslüm Maqomayevə həsr olunmuş dissertasiyanı müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bir neçə il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında  pedaqoji fəaliyyətlə məşğul olub, 1995-ci ildən dosent, 2005-ci ildən professor vəzifələrində çalışıb. ABŞ-nın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində  mühazirələrlə çıxış edib.

     Endryu Mellon təqaüdü (2015), Fulbrayt təqaüdü (2007–08) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təqaüdlərə (2000, 2001–02) layiq görülmüşdür.

     2008-ci ildən ABŞ-ın İndiana Universitetinin  nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışır .Onun təşəbbüsü ilə həmin məktəbdə “İpək Yolu xalqlarının musiqisi” və “Musiqidə Şərq ilə Qərbin Rastlaşması” fənnləri yaradılıb. Hazırda qeyd edilən fənlərlə yanaşı, musiqi nəzəriyyəsi, Avropa və Asiyanın populyar musiqisi və Rusiya musiqisi fənlərini də tədris edir.

    Aida Hüseynova beş kitab və 200-dən çox məqalənin müəllifidir. O, 1997-ci və 2003-cü illərdə bəstəkar Müslüm Maqomayev haqqında iki kitab yazıb; onlardan biri bəstəkarın nəvəsi müğənni Müslüm Maqomayevin yubileyinə hazırlanmış hədiyyə kimi nəşr olunub. Eyni zamanda pianoçu Fərhad Bədəlbəylinin 50 illik yubileyinə həsr olunmuş kitabın tərtibçilərindən biridir. Onun yazdığı “Musiqi - Səmimiyyət Məbədi” adlı musiqi ensiklopediyası Azərbaycanda latın qrafikası ilə dərc olunan ilk ensiklopediyadır. Elmi məqalələri Azərbaycanda, ABŞ-da, Almaniyada, Niderlandda, Bolqarıstanda, Fransada və Rusiyada işıq üzü görüb.[5] Bunların arasında Alman Musiqi Ensiklopediyası, Hollandiyada dərc olunan “İslam mədəniyyətlərində qadınlar” musiqi ensiklopediyası, ABŞ-nın Kembric Xor Ensiklopediyası üçün yazdığı məqalələri xüsusilə qeyd etmək olar.

    Aida Hüseynovanın “Azərbaycan musiqisi: muğamdan operaya doğru” (İndiana Universiteti Nəşriyyatı, 2016) monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir. Bu kitab müasir Azərbaycan musiqisi haqqında ingilis dilində işıq üzü görən ilk nəşrdir. Həmin kitab ABŞ-nın, eləcə də Avropanın ən nüfuzlu elmi jurnallarında ətraflı işıqlandırılıb, Azərbaycan və ABŞ musiqişünaslığının böyük nailiyyəti kimi səciyyələndirilib.

     2005-ci ildə San-Fransiskoda keçirilən Dünya musiqisi festivalının məsləhətçilər şurasının üzvü olub. 2006-cı ildən başlayaraq həm Yo-Yo Manın idarəçiliyi ilə fəaliyyət göstərən İpək Yolu Ansamblının, həm də Kronos kvartetinin Azərbaycan musiqisinə aid olan layihələrində elmi məsləhətçi kimi çalışır. 2016-cı ildən Mark Morris Rəqs Qrupunun elmi məsləhətçisidir. Alim Qasımovun, İpək Yolu Ansamblının və Mark Morris Rəqs Qrupunun iştirakı ilə həyata keçirilən Üzeyir Hacıbəyilinin "Leyli və Məcnun" operasını təqdim edən iri həcmli layihənin elmi məsləhətçisidir, həmin layihə xətti ilə ABŞ-nın müxtəlif şəhərlərində, eləcə də Böyük Britaniyada, Avstraliyada, Fransada və Qətərdə mühazirələrlə çıxış edib. Aida Hüseynova həm də Ağa Xan Musiqi Təşəbbüsü ilə əməkdaşlıq edir. 2017-ci ildə ABŞ-nın Kollec Musiqi Cəmiyyətinin idarə heyətinə seçilmişdir. Azərbaycan Milli Musiqi Şürasının baş katibidir.

    AİDA NEMƏT  QIZI HÜSEYNOVANIN

    VAXTSIZ VƏFATINA KƏDƏRLƏNİR VƏ ONUN AİLƏ ÜZVLƏRİNƏ, DOĞMALARINA Ü.HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASININ KOLLEKTİVİ ADINDAN DƏRİN HÜZNLƏ

    BAŞSAĞLIĞI VERİRİK!

    ALLAH RƏHMƏT ETSİN!!!