FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI
İzahat vərəqəsi
Təqdim olunan proqram doktorantura və dissertantura şöbəsinin ixtisas fənnləri üzrə imtahanları üçün hazırlanmışdır. “Musiqi tarixi, “Musiqi nəzəriyyəsi”, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar”, eləcə də “Musiqi pedaqogikası” və “Ümumi pe-daqogika” fənnləri üzrə proqram, ali musiqi tədris ocaqlarının tədris planı əsasında yaranmışdır.
Proqramın “Musiqi tarixi” bölməsinə qədim zamanlardan başlayaraq müasir dövrə qədər Avropa, rus və Azərbaycan musiqi mədəniyyəti, bəstəkarların yaradıcılığı ilə bağlı mövzular daxil edilmişdir.
“Musiqi nəzəriyyəsi” kursu “Solfecio”, “Harmoniya”, “Musiqi əsərlərinin nəzəri təhlili“, “Polifoniya” fənnləri üzərində qurulmuşdur. Burada müxtəlif əsrlərin, o cümlədən XX əsrin tamamilə yeni qanunauyğunluqları, məqam və harmonik konsepsiyalar öz əksini tapır. Belə mövzular sırasına müasir yazı bəstəkar teknikaları və yeni modallıq, seriyalıq, mikroxromatika, polifonika ilə bağlı suallar daxildir.
“Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kursu isə “Azərbaycan xalq musiqi yaradıcılığı”, “Azərbaycan xalq musiqisinin əsasları”, “Muğam sənəti”, “Aşıq sənəti”, “Etnomusiqişünaslıq” fənnləri ilə bağlıdır. Azərbaycan xalqının tükənməz sərvəti olan musiqi folkloru, zəngin aşıq yaradıcılığı və muğam sənəti bu bölmədə əsas götürülür.
Proqramda ümumi və musiqi pedaqogika kursuda nəzərə alınıbdır. Suallar müasir dövrdə pedaqogika sahəsində aparılan tədqiqatlara və qabaqcıl pedaqoji təcrübə əsasında tərtib edilmişdir. Burada pedaqogika tarixinin məsələləri, elmi pedaqoji tədqiqatların metodları, pedaqogikanın ümumi əsasları və qanunauyğunluqları, həm də musiqi tədrisi metodikası, musiqinin təlim və tədris nəzəriyyəsi, onların əsas qanunauyğunluqları nəzərdə tutulur.
İxtisas fənnləri üzrə imtahan sualları musiqi sənətinin müxtəlif sahələrinin vacib məqamları ilə bağlıdır və yüksək səviyyəli mü-təxəssislərin hazırlanmasına xidmət edir.