6 oktyabr 2020-ci il
Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir.
Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Ana yurduqorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Doğma yurda bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır.
Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan vətənini də mütləq sevməlidir. Çünki bunlar vətənsiz yaşaya bilməz. Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını təmin etməyə çalışmaqdır.
27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində yalnız irəliyə doğru addımlamaqla rəşadətli Azərbaycan ordusu və qəhrəman övladlarının şücaəti ilə mənfur düşmənə ağır zərbələr endirilir,işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan Dövlət bayrağı dalğalandırılır!
#KarabakhisAzerbaijan!