Nəzirova Elmira Mirzərza qızı
(30.11.1928, Bakı - 23.01.2014, İsrail).
Pianoçu, bəstəkar, pedaqoq, professor (1971). Azərbaycanın Əməkdar incəsənət xadimi (1964).
“Şərəf nişanı” ordeni ilə təltif edilmişdir (1959).
Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə: 1947-1950-cü illərdə fortepiano üzrə (professor G.Şaroyevin sinfi), 1950-1954 cü illərdə bəstəkarlıq üzrə (professor B.Zeydmanın sinfi) təhsil almışdır. 1953-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub.
1951-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında “İxtisas fortepiano” kafedrasında çalışmış, 1974-1990-cı illərdə kafedranın müdiri olmuşdur. Azərbaycan pianoçularının böyük bir nəslini yetişdirmişdir. 1990-cı ildən İsraildə yaşayan E.Nəzirova orada pedaqoji fəaliyyətlə məşğul olurdu.
E.Nəzirova F.Əmirovla birlikdə yazdığı “Ərəb mövzusunda fortepiano üçün konsert”in, simfonik orkestr üçün uvertüranın, fortepiano ilə orkestr üçün üç konsertin, fortepiano üçün prelüdlərin və variasiyaların, skripka, violonçel və fortepiano üçün sonatanın, Azərbaycan xalq mahnı işləmələrinin və romansların müəllifidir.