Adıgözəlzadə Zöhrab Əfrasiyab oğlu
(03.07.1940, Bakı - 24.05.2012, Bakı)
Pianoçu, pedaqoq, professor (1980). Azərbaycanın Xalq Artisti (1982).
1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1962-1963-cü illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında stajorluq (professor Y.V.Flieranın sinfi) keçmişdir. R.Korsakov adına Leninqrad Konservatoriyasının aspiranturasında (professor P.A.Serebryakovun sinfi) təhsilini davam etdirib (1966-1970).
1962-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb.
Z.Adıgözəlzadə Azərbaycanda və bir çox xarici ölkələrdə solo konsert fəaliyyəti göstərib, Azərbaycanın bir sıra bəstəkarlarının - F.Əmirovun, A.Məlikovun, A.Əlizadənin, S.İbrahimovanın, C.Hacıyevin əsərlərinin ilk ifaçısı olub. Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət 2 plastinkanın müəllifidir.
Bir sıra metodik işləri - “F.Əmirovun fortepiano miniatürləri”, “F.Əmirovun fortepiano əsərləri toplusunun metodik təhlili” və s., bir sıra məqalə və resenziyaları çap olunmuşdur.