Səfərova Elmira Yusif qızı
(16.09.1934, Bakı - 1997, Bakı)
Pianoçu, pedaqoq, professor.
1952-1956 -ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfi) təhsil almışdır. 1957-ci ildən təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (professorlar A.V.Şatskesa və Y.V.Fliyerin sinfi) davam etdirmişdir.
Musiqi ifaçılarının I Zaqafqaziya musabiqəsində laureatı (1960) olmuşdur.
1961-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “İxtisas fortepiano” kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. Çalışdığı illər ərzində 60 məzun hazırlamışdır.
1979-cu ildən Azərbaycan Dövlət Konservatoriyasında Respublikanın orta ixtisas musiqi məktəb müəllimləri üçün ixtisasartırma kurslarında metodiki işlər və muhazirələr keçirirdi. Bir sıra metodik vəsaitlərin, elmi məqalələrin müəllifidir.
O, konsertlərdə həm solo ifaçı kimi, həm də ansambl ifaçısı kimi bir çox görkəmli musiqiçilərlə çıxış edirdi. Mütəmadi olaraq keçirdiyi tematik açıq sinif konsertləri (İ.S.Baxın, D.D.Şostakoviçin, R.Şumanın, N.K.Metnerin, L.V.Bethovenin əsərləri üzrə) böyük marağa səbəb olurdu.