Şaroyev Georgi Georgiyeviç
(13.06.1890, Moskva - 23.05.1969, Bakı)
Pianoçu, pedaqoq, Azərbaycanın əməkdar incəsənət xadimi, professor.
Moskva Konservatoriyasında Q.Paxulski, V.Safonov, K.İqumnov kimi məşhur pedaqoqlardan dərs alıb. Daha sonra təhsilini Sankt-Peterburq Konservatoriyasında davam etdirib (1915), görkəmli rus pianoçuları M.Benua və A.Yesipovanın tələbəsi olmuşdur.
1918-ci ildə musiqi müəllimi kimi Bakıya dəvət olunur. 1919-cu ildə G.Şaroyev Rus Musiqi Cəmiyyəti nəzdində fəaliyyət göstərən Bakı Musiqi Texnikumuna baş müəllim vəzifəsində çalışır. 1920-ci ildə bu texnikumun əsasında Azərbaycan Dövlət Konservatoriyası yaradılarkən, o, burada “Fortepiano” kafedrasının dosenti və 1930-cu ildə professoru, müxtəlif illərdə kafedra müdiri, “Fortepiano” fakültəsinin dekanı, Konservatoriyanın “Elmi və tədris işləri üzrə” prorektoru vəzifəsində çalışmışdır. Onun təşəbbüsü və rəhbərliyi ilə 1934-1935-ci illərdə Bakı Zabitlər Evinin nəzdində fəaliyyət göstərən musiqi dərnəklərinin bazasında uşaq musiqi məktəbi təşkil edilib. Uzun illər həmin məktəbin direktoru olub.
Azərbaycan piano ifaçılarının böyük bir nəslini yetirib: K.Səfərəliyeva, E.Nəzirova, Q.Qarayev, V.Mustafazadə, F.Quliyeva, Ç.Sadıqov, S.Daşdəmirova, E.Vəlizadə və b. onun tələbələri olmuşlar.
A.Rubinşteynin yaradıcılıq yolunu dərindən öyrənməsi və tədqiqi nəticəsində G.Şaroyev “Anton Rubinşteynin rus pianizminin təşəkkülündə rolu” mövzusunda elmi əsərini nəşr etdirmişdir. 1966-cı ildə Moskvada çapdan çıxan A.Rubinşteynin Üçüncü - sol major fortepiano konsertinin redaktoru olmuşdur.