Bәdәlbәyli Әfrasiyab Bәdәl bәy oğlu
(19.07.1907, Bakı— 6.01.1976, Bakı)
Bәstәkar, dirijor, musiqişünas-tədqiqatçı, librettoçu, publisist. Azәrbaycanın xalq artisti (1960).
Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, Leninqrad (Sankt-Peterburq) Konservatoriyasının nəzdindəki musiqi məktəbində (B.Zeydmanın bəstəkarlıq sinfində) təhsil alıb. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dirijorluq fakultəsində təkmilləşmə, S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrında dirijorluq təcrübəsi keçmişdir.
1930-cu ildәn ömrünün sonunadәk Azərbaycan Opera və Balet Teatrının dirijoru olmuşdur. Repertuarında olan dünya musiqisi klassiklərinin, Azərbaycan bəstəkarlarının, həmçinin özünün səhnə əsərlərini özünəməxsus bir istedadla təfsir etmişdir.
İlk Azәrbaycan baleti - “Qız qalası” baletinin (1940) müәllifidir. O, həmçinin, “Tərlan” baletinin, “Nizami”, “Söyüdlər ağlamaz”, “Xalq qəzəbi” (B.Zeydmanla birgə) operalarının, M.F.Axundovun, H.Cavidin, S.Vurğunun, C.Cabbarlının dram tamaşalarına musiqinin müəllifidir.
Əfrasiyab Bədəlbəyli eyni zamanda publisist, librettoçu və tərcüməçi kimi də fəaliyyət göstərmişdir. O, S.Ələsgərovun “Bahadur və Sona” operasının, Ə.Abbasovun “Qaraca qız”, B.Zeydmanın “Qızıl açar” və “Gülən adam” baletlərinin, eləcə də öz səhnə əsərlərinin librettolarını yazmışdır. O, P.Çaykovskinin “İolanta”, C.Rossininin “Sevilya bərbəri”, Z.Paliaşvilinin “Daisi”, R.Qliyerin “Şahsənəm” operalarının librettolarını azərbaycan dilinə tərcümə etmişdir.
Ə.Bədəlbəylinin bir musiqişünas kimi “Musiqi haqqında söhbət”, “Qurban Primov” monoqrafiyaları, “İzahlı-monoqrafik musiqi lüğəti” nəşr olunmuş, elmi-publisistik məqalələrlə dövrü mətbuatda çıxış etmişdir. İctimai musiqi xadimi kimi geniş fəaliyyət göstərən Ə.Bədəlbəyli müxtəlif illərdə Azərbaycan Dövlət Radio Komitəsinin, habelə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olmuşdur. O, 1934-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, “Musiqişünaslıq” bölməsinin rəhbəri olmuşdur.
Hazırda Bakı şəhərindəki 23 saylı musiqi məktəbi Əfrasiyab Bədəlbəylinin adını daşıyır.