Hacıbәyli Üzeyir Әbdülhüseyn oğlu
(18.09.1885, Ağcabədi - 23.11.1948, Bakı)
Bәstәkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq vә musiqi-ictimai xadim, professor.
SSRİ xalq artisti (1938), Azәrbaycan EA akademiki (1945). Stalin mükafatı laureatı (1941, 1946).
1889-1904-cü illərdə Qori müəllimlər seminariyasında təhsil almış, 1912-1914-cü illərdə Moskvada xüsusi musiqi kurslarında və Peterburq Konservatoriyasında musiqi təhsilini təkmilləşdirmişdir.
Ü.Hacıbəyli müasir Azәrbaycan professional musiqisinin vә milli operasının banisi, Şәrqdә ilk operanın yaradıcısıdır.
1905-1920-ci illər ərzində Bakıda müxtəlif qəzetlərlə əməkdaşlıq etmiş, “Yeni İqbal” (1915), “Azərbaycan” (1918-1920) qəzetlərinin redaktoru olmuşdur. Həmin dövrdə müəllimlik fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda, öz opera və operettalarının tamaşaya qoyulması ilə bağlı fəaliyyət göstərmişdir. 1920-ci illərdə musiqi təhsili sisteminin və musiqi mədəniyyətinin yenidən qurulması üzrə böyük işlər görmüşdür. Onun təşkilatçılığı sayəsində 1920-ci illərdə Azərbaycanda ilk musiqi məktəbləri, Azərbaycan Dövlət Konservatoriyası (1921), ilk xor (1936), ilk notlu xalq çalğı alətləri orkestri (1931), filarmoniya nəzdində ilk simfonik orkestri (1944) yaranmışdır.
Azәrbaycan Bәstәkarlar İttifaqının sәdri (1938-1948), Azərbaycan Dövlət Türk Musiqi Məktəbinin yaradıcısı və direktoru (1922-1926), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929; 1939-1948), Azәrbaycan EA İncәsәnәt İnstitutunun direktoru (1945-1948) olmuşdur.
Ü.Hacıbəyli “Leyli və Məcnun” (1908), “Şeyx Sәnan” (1909), “Rüstәm vә Söhrab” (1910), “Şah Abbas vә Xurşid Banu” (1912), “Әsli vә Kәrәm” (1912), “Harun vә Leyla” (1915) muğam operalarının, “Koroğlu” (1937) klassik operasının (librettosu H.İsmayılov vә M.S.Ordubadinindir), “Әr vә arvad” (ilk tamaşası 1910), “O olmasın, bu olsun” (ilk tamaşası 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarının müəllifidir. Bu əsərlərin libretto müəllifi Ü.Hacıbəyli özü olmuşdur. O, həmçinin digər janrlarda əsərlər: “Aşıqsayağı” triosunu (1931), M.FAxundova hәsr olunmuş “Ölmәz sәnәtkar” kantatasını (1938), “Vətən və cəbhə” kantatasını, Azərbaycan xalq çalğı alətləri orkestri üçün “Çahargah” və “Şur” fantaziyalarını, “Döyüşçülәr marşı”, “Çağırış”, “Yaxşı yol”, “Ananın oğluna nәsihәti”, “Şәfqәt bacısı” və s. mahnılarını, “Sәnsiz” (1941) vә “Sevgili canan” (1943) romanslarını bəstələmişdir.
Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası ilə operanın yeni növü - muğam operası meydana gəlmişdir. “Arşın mal alan” operettası böyük şöhrət qazanmış, 69 dilə tərcümə olunmuş, 4 dəfə ekranlaşdırılmış, 120-dən çox teatrın səhnəsində tamaşaya qoyulmuşdur. “Koroğlu” operası həm Ü.Hacıbəylinin yaradıcılığında, eləcə də dünya opera sənəti tarixində yeni söz, yeni addım və əsl novatorluq kimi qəbul edilmişdir. Ü.Hacıbəylinin əsərləri müxtəlif dillərə tərcümə olunur, Zaqafqaziyanın, Orta Asiyanın, İranın, Türkiyənin, Rusiyanın və Avropa şəhərlərində tamaşaya qoyulur.
Ü.Hacıbəyli istedadlı musiqişünas-alim kimi böyük tədqiqat işləri apararaq, yüzlərlə məqalə və “Azərbaycan xalq musiqisinin əsaslərı” kimi fundamental elmi əsər yaratmışdır. Ü.Hacıbəyli M.Maqomayevlə birgə, ilk dəfə olaraq, 1927-ci ildə “Azərbaycan türk el nəğmələri” məcmuəsində xalq mahnılarını nota yazaraq səs və fortepiano üçün işləmişlər.
Ü.Hacıbəyli publisist kimi çoxsaylı məqalələrin, resenziyaların, felyetonların, satirik hekayələrin müəllifidir. Bunlar dövrü mətbuatda və elmi toplularda nəşr olunmuşdur.
Üzeyir bəy Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Konservatoriyası, indiki Bakı Musiqi Akademiyası, xatirə ev muzeyi, Azərbaycan Dövlət simfonik orkestri, məktəblər, prospekt və küçələr, bir sıra abidələr onun adını əbədiləşdirmişdir.