Hüseynli Bayram Xəlil oğlu
(22.03.1923, Gəncə - 1992, Bakı)
Musiqişünas, sənətşünaslıq namizədi (1966), professor (1991).
1972-ci ildən SSRİ Bəstəkarlar İttifaqı Xalq musiqisi komissiyasının daimi üzvü, 1980-ci ildən Beynəlxalq folklor festivalları Sovet Komitəsinin YUNESKO tərəfindən təsdiq edilmiş fəxri üzvü olmuşdur.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır (1946-1951).
1959-1962-ci illərdə Azərbaycan EA Memarlıq və İncəsənət İntstitutunun aspiranturasında namizədlik mövzusu üzərində çalışıb, 1966-cı ildə “Azərbaycan xalq rəqs musiqisi” mövzusunda dissertasiya müdafiə edib və sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1972-ci ilə qədər İnstitutda elmi işçi kimi çalışıb, folklor tədqiqatları aparıb.
1970-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasının “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında çalışmış, konservatoriyanın “Xalq musiqisi kabineti”nə rəhbərlik etmişdir. Xalq musiqi nümunələrinin toplanması, sənədləşdirilməsi, yazıya alınması sahəsində mühüm xidmətləri olmuşdur. Elmi yaradıcılığında xalq rəqs musiqisinin araşdırılmasına böyük diqqət yetirmiş, yallı, halay kimi rəqs janrlarına aid nümunələri toplayaraq, sistemləşdirmiş, xalq rəqslərinin təsnifatını vermişdir.
B.Hüseynli “Azərbaycan xalq rəqs melodiyaları. I dəftər. Yallı. Bakı, 1965; II dəftər. Halay. Bakı, 1966; “Али Керимов”. М., «Советский композитор», 1984, 46 с. (T.Kərimova ilə birgə) tədqiqat əsərlərinin və bir sıra elmi məqalələrin müəllifidir.