• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məmmədov Nəriman Həbib oğlu

     (28.12.1927, Naxçıvan - 06.04.2015, Bakı)

    Bəstəkar, musiqişünas, professor. Naxçıvan MR Əməkdar incəsənət xadimi (1974)


    Azərbaycanın Əməkdar incəsənət xadimi (1982), Azərbaycanın Xalq artisti (2005). Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1961).

    Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil almışdır: musiqişünaslıq üzrə 1956-cı ildə, bəstəkarlıq üzrə (professor C.Hacıyevin sinfi) 1961-ci ildə bitirmişdir.

    Əsərləri: “Humay”, “Şeyx Sənan” baletləri, 5 musiqili komediya: “Altı qızın biri pəri”, “Qız görüşə tələsir”, “Məmmədəli kurorta gedir” (T.Bakıxanovla birlikdə), “Olacağa çarə yoxdur”, “Pasport” və s., 7 simfoniya (IV - Hüseyn Cavidə, VII - Xocalı şəhidlərinə həsr olunub), fleyta, violin və piano üçün Trio, simfonik poema, zərb alətləri və orqan üçün Poema, “Azərbaycan” oratoriyası, piano və orkestr üçün 5 konsert, xalq çalğı alətləri orkestri üçün “Dəstgah”, “Zərbi-muğam”, Azərbaycan şairlərinin sözlərinə bəstələnmiş mahnılar.

    N.Məmmədov bir musiqişünas kimi Azərbaycan muğamlarının notlaşdırılması və tədqiqi sahəsində mühüm xidmətləri olmuşdur. Tarzən-pedaqoq Əhməd Bakıxanovun ifasından “Rast”, “Şur”, “Çahargah”, “Segah-Zabul”, “Bayatı-Şiraz”, “Humayun”, “Şahnaz”, “Rahab” muğamlarını instrumental şəkildə, xanəndə (Hacıbaba Hüseynov, Yaqub Məmmədov) və sazəndə dəstəsinin ifasından “Çahargah” (Moskva, 1970) və “Rast” (Moskva, 1978) muğam dəstgahlarını vokal-instrumental şəkildə nota salmışdır. N.Məmmədov Ə.İsazadə ilə birlikdə “Azərbaycan xalq mahnıları və oyun havaları” məcmuəsini tərtib etmişdir. Elmi məcmuələrdə bir sıra məqalələrin müəllifidir: “Azərbaycan muğamları” (“Azərbaycan xalq musiqisi”. Oçerklər. Bakı, 1981) və s.