• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Rüstәmov Sәid Әli oğlu

    (12.05.1907, İrəvan - 10.06.1983, Bakı)

    Bәstәkar, dirijor, tarzən, pedaqoq, professor (1973). Azәrbaycanın xalq artisti (1957), Stalin mükafatı laureatı (1951).

    1926-cı ildә müәllimlәr seminariyasını, 1930-cu ildә Bakı musiqi mәktәbinin tar sinfini (Ü.Hacıbəylidən vә M.Mәnsurovdan dәrs almışdır), 1932-ci ildә Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir.

    1931-ci ildәn Azәrbaycan Radio Verilişlәri Komitәsindә Ü.Hacıbəylinin tәşkil etdiyi ilk notlu Azәrbaycan Xalq Çalğı Alәtlәri Orkestrinin konsertmeysteri, 1935-1973-cü illәrdә һәmin orkestrin bәdii rәһbәri vә baş dirijoru olmuşdur.

    S.Rüstəmov 1930-cu illərdən başlayaraq, əvvəl Bakı Musiqi Texnikumunda, 1958-ci ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi kafedrasının tar sinfində müəllimlik etmiş, müəyyən illərdə kafedra müdiri kimi çalışmışdır.
    S.Rüstəmov fəal musiqi ictimai xadimi kimi 1934-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, 1949-1953-cü illərdə isə sədri olmuş, milli musiqi mədəniyyətimizin inkişafı naminə əzmlə çalışmışdır.

    S.Rüstəmov “Beş manatlıq gәlin”, “Durna”, “Rәisin arvadı” musiqili komediyalarının, xalq çalğı alətləri orkestri üçün “Cəngi”, “Qəhrəmani” pyeslərinin, Tar ilə xalq çalğı alətləri orkestri üçün Konsertin, “Azərbaycan” süitasının və s. orkestr əsərlərinin, bir çox maһnıların (“Sürəyya”, “Mən sülhə səs verirəm”, “Hardasan”, “Qurban adına”, “Alagöz”, “Bənövşə”, “Sumqayıt”), “Hacı Qara”, “Vaqif”, “Almaz”, “Bahar suları” və b. tamaşalara musiqinin müәllifidir.

    S.Rüstəmov etnomusiqişünaslıq sahəsində geniş fəaliyyət göstərmişdir. Onun not yazıları əsasında “Cabbar Qaryağdıoğlunun ifasından 50 Azərbaycan xalq mahnısı” (1937), “Azərbaycan xalq mahnıları” (S.Rüstəmov, F.Əmirov, T.Quliyevin not yazıları, Bülbülün redaktəsi ilə, 1956-1958), “100 Azərbaycan xalq mahnıları” (1967), “Azərbaycan xalq rəqsləri” (1950), “Azərbaycan aşıq havaları” (4 dəftər, 1938), “Azərbaycan xalq rəngləri” (2 dəftər, 1954-1956) məcmuələri çap edilmişdir.

    S.Rüstəmov 1935-ci ildə ilk dəfə olaraq “Tar məktəbi” tədris vəsaitini yazmış, Azərbaycan dilində ilk “Not savadı” dərsliyinin müəlliflərindən biri olmuşdur. S.Rüstəmov, həmçinin, orta və ali musiqi məktəbləri üçün S.R.Konüsün “İbtidai musiqi nəzəriyyəsi” və N.Rimski-Korsakovun “Harmoniya” dərsliklərini Azərbaycan dilinə tərcümə etmişdir.