Mahmudov Emin Sabit oğlu - Emin Sabitoğlu
(2.11.1937, Bakı - 18.11.2000, Bakı)
Bəstəkar, pedaqoq, musiqi ictimai xadim, professor. Azərbaycanın əməkdar incəsənət xadimi, Xalq artisti.
1954-1956-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə (Qara Qarayevin sinfi), 1956-1961-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında (Y.Şaporinin sinfi) təhsil alıb. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Ömrünün son altı ilini Türkiyədə çalışıb.
E.Sabitoğlu 600-dən artıq mahnı: “Dərələr”, “Ağ çiçək”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “Bu gecə”, “İnsaf da yaxşı şeydir”, “Bu gecə”, “Şükriyyə”, “Payız gəldi”, “Sən olmuşan”, “Kəpənək”, “Çiçək yağışı” və s., 9 musiqili komediya (“Hicran”, “Nəğməli könül” və s.), 40-a yaxın filmə (“Dədə Qorqud”, “Ad günü”, “Təhminə”, “Bəyin oğurlanması”, “Bağışla”, “Bağlı qapı”, “İstintaq”, “Onun bəlalı məhəbbəti” və s.) musiqinin, simfonik, vokal-instrumental və kamera-instrumental əsərlərin - bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poemanın müəllifididr. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan, Şəki teatrlarının tamaşalarına musiqi bəstələyib.