Kazımov Oqtay Məmməd oğlu
(27.12.1932, Astara - 9.08.2010, Bakı)
Bəstəkar, pedaqoq. Azərbaycanın əməkdar incəsənət xadimi, Xalq artisti.
1957-1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə (C.Hacıyevin sinfi) təhsil almışdır. 1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O.Kazımi “Eksperiment” estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filarmoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına Musiqi Texnikumunda xalq çalğı alətləri fakültəsində dərs demişdir.
O.Kazımi Azərbaycanda ilk rok-operanın - “Hophopnamə”nin (M.Ə.Sabir, A.A.Tufarqanlı və Dilqəmin şeirləri əsasında), “Dədə Qorqud” epik-dramatik operanın, “Qızıl Toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli Dünya” operettalarının, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi “Millətin oyaq gecəsi” vokal-simfonik poemanın, “Qarabag rapsodiyası”, “Qəhrəmanlıq simfoniyası”, “Şəhidlər simfoniyası” və s. simfonik əsərlərin, xalq çalğı alətləri üçün konsertlərin, çox saylı mahnıların: “Məhəbbət”, “Sevənləri qoru dünya”, “Cavanlığım”, “Qara gözlüm”, “Sevgi qanadlarında”, “Mənim duyğularım”, “Arzular qovuşanda”, “Sevgi həsrəti”, “İlk görüş”, “Xatirə”, “Qarabağ gözəlləri”, “Cəlilabad”, “Salam sevimli diyar”, “Gecikmiş məhəbbət” və s., 60-a qədər teatr tamaşalarına bəstələdiyi musiqinin: Akademik dram teatrında səhnəyə qoyulmuş “Büllür sarayda”, “Qılınc və Qələm”, “Fitnə”, “Ümid”, “Ədirnə Fəthi”, Rus dram teatrında “Şeyx Sənan”, Kamera teatrında “İtlər” və s. müəllifidir.