Quliyev Məmməd Mehdi oğlu
(9.02.1936, Göyçay - 2.10.2001, Bakı)
Bəstəkar, pedaqoq, Azərbaycan əməkdar incəsənət xadimi (1992).
Azərbaycan Dövlət Musiqi Məktəbini tar ixtisası üzrə bitirmiş (1958), Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq şöbəsində (professor Q.Qarayevin sinfi) təhsil almışdır (1958-1963).
1960-cı ildən ömrünün sonuna kimi A.Zeynallı adına Bakı Musiqi Kollecində dərs demişdir.
M.Quliyev “Aldanmış ulduzlar” (M.F.Axundovun povesti əsasında) operasının, 7 simfoniyanın, instrumental konsertlərin, iri həcmli xor əsərlərinin, o cümlədən, “Dədə Qorqud diyarı” (Fikrət Qocanın sözlərinə) kantatasının, “Şəbi-hicran” (Füzulinin sözlərinə) lirik poemasının, kamera-instrumental əsərlərin müəllifidir. Bəstəkarın 3 saylı “Azərbaycan” simfoniyası qadın xanəndə, solistlər, xor və simfonik orkestr üçün yazılmışdır. 4 saylı simfoniya “Muğam”, 7 saylı simfoniya “Xəmsədən damlalar” adlanır, həmçinin, kamera orkestri üçün “Muğamsayağı” əsərini bəstələmişdir.