Hüseynzadə Ədılə Hacıağa qızı
(28.04.1916, Bakı -2005, Bakı)
Bəstəkar, pedaqoq. Azərbaycanın əməkdar incəsənət xadimi (1982).
1940-cı illərdə Üzeyir Hacıbəylinin tələbəsi olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk Azərbaycanlı qadındır.
Ə.Hüseynzadə 1953-1988-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində “bəstəkarlıq” fənnindən dərs demiş, gənc istedadların aşkarlanması işində əlindən gələni əsirgəməmişdir. SSRI xalq artisti Müslüm Maqomayev, Azərbaycanın xalq artistləri Firəngiz Əlizadə, Sevda İbrahimova və b. Ə.Hüseynzadənin tələbələri olmuşlar.
Ədilə Hüseynzadə 1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.
Əsərləri: simfonik poema, simli kvartet, kantata, xor miniatürləri. Bəstəkarın yaradıcılığında romans janrı üstünlük təşkil edir. Nizaminin sözlərinə yazılmış “Vəslin həvəsi” romansı, R.Rzanın sözlərinə “Duyğular” vokal silsiləsi və s. əsərlərin müəllifidir.