• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Hacıyev Rauf Soltan oğlu

    (15.05.1922, Bakı - 19.09.1995, Bakı)

    Bәstәkar, musiqi ictimai xadim. SSRİ-nin və Azərbaycanın Xalq artisti.


    Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə (professor Q.Qarayevin sinfi) təhsil almışdır. İlk təhsil illərində Ü.Hacıbəylinin məsləhətlərindən bəhrələnmişdir.

    Müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Mədəniyyət Naziri, Bəstəkarlar İttifaqının Birinci katibi və katibi kimi geniş fəaliyyət göstərmişdir. 1970-ci illərdə Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik etmişdir. Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək məqsədilə R.Hacıyev və həmkarları Əlcəzair Milli Konservatoriyasında və Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışmışlar.

    R.Hacıyevin ilk operettası “Qonşular” adı ilə əvvəl Bakıda, sonra “Romeo mənim qonşumdur” adı ilə Moskvada tamaşaya qoyulmuşdur (operetta əsasında eyniadlı film çəkilmişdir, 1963). R.Hacıyev həmçinin, “Mənim məhəbbətim – Kuba”, “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yolayrıcında”, “Ordan-burdan” operettalarının, “Ləzgihəngi” və “Yallı” xoreoqrafik miniatürlərinin, “Üç inqilab”, “Alov” və “Hürriyət” baletlərinin (Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə), skripka ilə simfonik orkestr üçün “Konsert”, “Gənclik” simfoniyası və digər simfonik, kamera-instrumental və vokal əsərlərin müəllifidir. Mahnıları sırasında: “Samur”, “Mingəçevir”, “Gənclik marşı”, “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft daşlarında”, “Ceyran” və s. məşhurdur. O, 15-ə qədər filmə musiqi yazmışdır: “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s.