Hacıbəyov Soltan İsmayıl oğlu
(8.05.1919, Şuşa — 19.09.1974, Bakı)
Bәstәkar, pedaqoq, musiqi-ictimai xadim, professor.
SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı.
1941-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə (professor B.Zeydmanın sinfi) təhsil almışdır. Sonra o, Moskva Dövlət Konservatoriyasında professor D.Şostakoviçdən yaradıcılıq məsləhətləri almış, həmçinin dirijorluq ixtisasına yiyələnmişdir.
1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib, 1947-1962-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969-1974-cü illərə qədər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb.
S.Hacıbəyov “Gülşən” baleti (1950), “İsgəndər və çoban” uşaq operası, “Qızıl gül” musiqili komediyası, 2 simfoniya, “Karvan” simfonik lövhəsi, orkestr üçün “Konsert”, “Bolqar süitası”, “Çex rəqsi”, Uvertüra, Simfonik variasiyalar kimi orkestr əsərlərinin, kamera-instrumental (simli kvartet, fortepiano üçün Sonata, prelüdlər və s.) və vokal əsərlərin, uşaq mahnılarının, xalq mahnı və rəqslərinin işləmələrinin müəllifidir. S.Hacıbəyov bir çox dram tamaşalarına musiqi bəstələmişdir.