Əzizli Əziz Əkbər oğlu
(30.09.1933, Bakı - 2005, Bakı)
Bəstəkar, truba ifaçısı, dirijor, pedaqoq.
Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil alıb: 1957-ci ildə ifaçılıq fakultəsini truba ixtisası üzrə (E.Əfəndiyevin sinfi), 1966-cı ildə bəstəkarlıq üzrə (professor Q.Qarayevin sinfi) bitirmişdir. Uzun illər A.Zeynallı adına Bakı musiqi texnikumunda çalışmış, Azərbaycan Televiziyasının estrada-simfonik orkestrinin bədii rəhbəri olmuşdur.
Ə.Əzizli 3 simfoniya (1986, 1988, 1989), Skripka və orkestr üçün Konsert (1985), Truba və simfonik orkestr üçün Konsert (1987), “Əfsanəvi şəhər” kantatası, “Bizim üfüqlər”, “Qadın ürəyi” simfonik poemaları, “Mart ayında musiqi”, “Görüşənədək”, “Belə də olar” və s. estrada orkestri üçün əsərlər, a capella xoru üçün 12 pyes (1991), 4 saylı simli Kvartet (1992), “Nəbi” operası (libretto - S.Rüstəm, F.Mehdiyev, 1993) və s. əsərlərin, B.Vahabzadə, N.Xəzri, F.Qoca, Y.Həsənbəy, R.Zəka, H.Ziya, C.Novruz və b. şairlərin sözlərinə yazılmış mahnıların müəllifidir.