Әmirov Fikrәt Mәşәdi Cәmil oğlu
(22.11.1922, Gəncə —20.02.1984, Bakı)
Bәstәkar, musiqi ictimai xadim. Azәrbaycan xalq artisti (1958), SSRİ xalq artisti (1965).
Azәrbaycan EA müxbir üzvü (1980). Sosialist Əməyi Qəhrəmanı (1982), SSRİ (1949, 1980) vә Azәrbaycan (1974) Dövlәt mükafatları laureatı.
Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini (professor B.Zeydmanın sinfi) bitirmişdir (1948). Gəncə (1942-43) və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışıb. SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının katibi olmşdur.
Ü.Hacıbəylinin bilavasitә yetirmәsi, xәlәfi vә әnәnәlәrinin davamçısı olan F.Əmirov müxtəlif janrlarda yazdığı əsərlərlə Azәrbaycan musiqisini zәnginlәşdirmiş, onun dünya şöһrәti qazanmasında müһüm rol oynamışdır. F.Əmirovun “Şur”, “Kürd-Ovşarı”, “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları ilə Azərbaycan musiqisində yeni janrın əsasını qoymuşdur. F.Əmirov “Sevil” operasının (1953), “Ürәkçalanlar” (1944), “Gözün aydın” (1946) musiqili komediyalarının, “Nәsimi dastanı” (1973), “Min bir gecә” (1979), “Nizami” (1984) baletlәrinin müәllifidir. F.Әmirov “Nizami” simfoniyası (1947), skripka, fortepiano vә simfonik orkestr üçün ikiqat konsert (1946), fortepiano ilә xalq çalğı alәtlәri orkestri üçün konsert (1947, A.Babayevlә), Ərәb mövzuları әsasında fortepiano ilә orkestri üçün konsert (1956, E.Nәzirova ilә), “Azәrbaycan” süitası, “Simfonik rәqslәr”, “Azәrbaycan qravürlәri” və b. əsərləri ilə simfonik musiqini inkişaf etdirmişdir. O, fortepiano üçün “12 miniatür”, skripka və fortepiano üçün “Muğam-poema”, skripka ilә fortepiano üçün sonata, uşaq pyeslәri, romans, maһnı vә s. kamera-instrumental və vokal әsәrlәrin müəllifidir.