«Leyli və Məcnun»dan «Koroğlu»ya qədər1
Respublikamızın opera teatrı və filarmoniyası Azərbaycan incəsənəti dekadasında milli musiqi yaradıcılığı və ifaçılığının ən yaxşı nümunələrini göstərməyə hazırlaşır. Bizim hamımızı—bəstəkarları, musiqişiləri, rejissorları və artistləri ümumi bir məqsəd, vahid bir arzu—Azərbaycanın musiqi sənətini əsil və ən parlaq formalarda əks etdirmək arzusu ruhlandırır.
Azərbaycan musiqisinin inkişaf tarixi bizim dekada üçün hazırladığımız repertuarda da öz əksini tapacaqdır. Repertuarımızın əsasını opera təşkil edir. Bu tamamilə təbiidir. Opera sənətinin ölməkdə olduğunu iddia edən burjua «nəzəriyyəciləri»nin fikrinə zidd olaraq, sənətin bu növü bizim sosialist ölkəmizdə yaşamaqda davam edir və yeni məzmun kəsb edərək xalqımız tərəfindən daha artıq sevilir və başa düşülür.
Bu il Azərbaycan operasının otuz illiyi tamam olmuşdur. Həm ilk, həm də hələlik axırıncı Azərbaycan operasının müəllifi olmaq şərəfi mənə nəsib olmuşdur. Beləliklə, «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər keçilən yol təkcə Azərbaycan operasının otuzillik tarixi deyil, həm də mənim şəxsi yaradıcılıq yolumdur.
«Leyli və Məcnun» necə yaranmışdır? Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam; lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897—1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında «Məcnun Leylinin məzarı üstündə» səhnəsini gördükdən sonra yaranmışdır.
Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim. Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Fizuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi.
«Leyli və Məcnun»un partiturası yox idi. Bunu hadisələrin və vokal nömrələrinin ardıcıllığını göstərən «direksion» əvəz edirdi. Nota ancaq orkestr musiqisi və xor üçün xalq mahnılarından götürülmüş melodiya materialı salınmışdı.
Müğənnilərin oxuduqları muğam ladında mətndən kənara çıxmamaqla improvizasiya ilə məşğul olmalarına tam ixtiyar verilirdi. Hər bir muğamın olduqca çox improvizasiya variantı vardır, ona görə də hər bir müğənni «Leyli və Məcnun»dan ariyaları öz bildiyi kimi oxuyurdu. Mən «Leyli və Məcnun»un ilk tamaşası üçün skripka çalan seminar yoldaşlarımdan—A. Terequlov, Ağəli Qasımov, Fərhad Ağayev, Qayıbov, İsmayılov və başqa yoldaşlarımdan ibarət orkestr təşkil etmişdim. Tarzənlər də də'vət olunmuşdu; yadımdadır, hansı isə melodiyanın ifası barədə onların arasında mübahisə yarandı, bu mübahisə böyüyüb elə bir ciddi şəkil aldı ki, operanın ilk tamaşasında Qurban Primovu (Azərbaycan SSR xalq artisti) istisna etməklə, tarçalanların heç biri gəlmədi. Mən tamaşanın başlanmasına iki saat qalmış bu boşluğu aradan qaldırmalı, tələsik skripka üçün yazılmış partiyaya əlavələr etməli oldum. Operada bütün musiqi birsəsli idi. O zaman mən—operanın müəllifi ancaq solfecionun əsaslarını bilirdim (bunu seminariyada öyrənmişəm), harmoniya, kontrapunkt, musiqi formaları, yə'ni bəstəkarın bilməli olduğu şeylər haqqında isə heç bir təsəvvürüm yox idi. Bununla belə, «Leyli və Məcnun» böyük müvəffəqiyyət qazandı. Zənnimcə, bu müvəffəqiyyət onunla izah edilir ki, artıq Azərbaycan xalqı öz səhnəsində Azərbaycan operasının yaranmasını gözləyirdi, «Leyli və Məcnun»da isə əsil xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdir. Operanın müvəffəqiyyət qazanmasında artistlərin, xüsusən Məcnun rolunu ifa edən Sarabskinin böyük xidməti olmuşdur. Ümumiyyətlə, ilk Azərbaycan operasının tamaşaya qoyulmasında artist Sarabskinin böyük rol oynadığı qeyd edilməlidir.
Biz gənclər «Leyli və Məcnun» operası üzərində böyük ruh yüksəkliyi ilə işləmişik. Maddi və sənətkarlıq cəhətdən böyük çətinliklər çəkmişik. O zaman nə ciddi ifaçılıq mədəniyyətimiz, nə müəyyən bir nəzəri hazırlığımız, nə də öz səhnəmiz vardı. Bakıda neft sənayecilərinin «Nicat» xeyriyyə cəmiyyəti özünü kulturtregerlər və incəsənətin himayəçiləri kimi qələmə verirdi. Ehtiyac məni «Leyli və Məcnun» operasına müəlliflik hüququmu cüz'i məbləğ müqabilində həmin cəmiyyətə satmağa məcbur etdi, halbuki o zaman operanın tamaşalarına bilet tapmaq mümkün olmur və böyük gəlir götürülürdü.
Mən «Nicat» cəmiyyətinin həm məni, həm də artistləri istismar etdiyini görüb müstəqil işləməyi qərara aldım. Lakin bu da kömək etmədi. Mən tamamilə çıxılmaz bir vəziyyətə düşərək 1910-cu ildə yalnız borclarımı ödəmək ilə «Rüstəm və Söhrab» adlı yeni opera yazdım2. Yadımdadır, teatrın kassası tamamilə kreditorlarımın ixtiyarına verilmişdi. Operanın müəllifi olan mən isə tamaşaları pulsuz keçirməli idim...
«Leyli və Məcnun»un müvəfəqiyyəti mənim yaradıcılıq yolumu qəti müəyyənləşdirdi. 1909-cu ildə ikinci bir opera—«Şeyx Sən'an» operasını və «Ər-arvad» musiqili komediyasını yazdım. 1911-ci ildə iki musiqili dram əsəri— «Əsli və Kərəm» və «Şah Abbas» üzərində işlədim. Artıq bunların hər ikisi öz musiqi fakturasına görə «Leyli və Məcnun»dan fərqlənir. «Əsli və Kərəm» və «Şah Abbas»da mənim öz musiqim əsas yer tutur, ən başlıca cəhət isə bu əsərlərin daha sanballı olması, orkestr üçün daha savadlı işlənməsidir.
Demək lazımdır ki, Azərbaycan operasının inkişafına rəsmi təşkilatların və hər cür müsəlman «xeyriyyə» cəmiyyətlərinin tamamilə laqeyd yanaşdıqları bir vaxtda bütün varlığı ilə səhnəyə sadiq olan yaradıcı işçilər bizə fəal yoldaşlıq köməyi göstərmişlər. Şəxsən mənə və Azərbaycan operasına Slavinskiy və Şatkovskinin simfonik ansamblının və yəhudi xor qrupunun böyük köməyi dəymişdir. Bu təşkilatların hər ikisinin öz dövrünə görə böyük bədii təcrübəsi vardı. O zaman yeganə Azərbaycan bəstəkarı olan, özü də yazmağa təzə başlayan mən isə belə bir təcrübəyə malik deyildim. Mən məhz onların köməyi sayəsində orkestra yeni alətlər daxil etmiş, xorun səs ahəngini zənginləşdirmiş və sairəyə nail olmuşam. Ümumiyyətlə, mən Azərbaycan operasının yaradılmasına son dərəcə qayğı ilə yanaşan erməni, gürcü, rus və başqa yaradıcı işçilərlə əlaqədar işləmişəm. Bu fakt Zaqafqaziya xalqları arasında beynəlmiləl dostluq olduğunu bir daha sübut edir; halbuki çar hökuməti hər vasitə ilə zülm altında əzilən millətləri bir-birinə qanlı düşmən etməyə çalışırdı.
İndi, xalqların qardaşcasına dostluğu şəraitində, bizim formaca milli və məzmunca sosialist mədəniyyətimiz elə bir tərəqqiyə çatmışdır ki, bu, heç bir başqa ölkədə mümkün deyildir. Sosializmin paytaxtı Mokvada keçirilən milli incəsənətimizin dekadası bu tərəqqinin parlaq nümayişidir.
İnqilabdan əvvəlki dövrdə yaradılmış operaların mövzusu əsasən tarixi mövzulardır. Lakin mən müasir hadisələrə həsr etdiyim «Ər arvad», «O olmasın, bu olsun», «Arşın mal alan» musiqili komediyalarında o zamankı Azərbaycan ziyalılarının qabaqcıl hissəsini düşündürən ideyaları əks etdirməyə çalışmışam. «O olmasın, bu olsun» musiqili komediyasında satirik osmanlı, millətçi, qoçu, ağzıboş ziyalı surətləri və başqa surətlər yaradılmışdır. Azərbaycanlı qadının əsarətdən xilas edilməsi, şəriətə və mürtəce ən'ənələrə qarşı mübarizə ideyaları hər üç musiqili komediyada, əlbəttə, üstüörtülü şəkildə ifadə olunmuşdur.
İnqilabdan əvvəlki illərdə yazılmış Azərbaycan musiqili dram əsərlərinin (1916-cı ilə qədər, yə'ni Müslüm Maqomayevin ilk «Şah İsmayıl»3 operası meydana çıxanadək məndən və qardaşımdan4 başqa heç kəs opera yazmamışdır) əsas nöqsanları musiqi fakturunun texniki cəhətdən zəif işlənməsi, birsəslilik və melodiyaların xalq yaradıcılığından seçilməsi idi. Bizim operalarda hər bir opera üçün zəruri olan reçitativlər, oxuyanlar üçün ayrıca bitkin partiyalar, ansambl, antraktlar yox idi. Qeyd etdiyim kimi, zaman keçdikcə bu nöqsanlar tədricən aradan qaldırılmışdır, lakin bu, Azərbaycan operasını müasir formaya yaxınlaşdıra biləcək dərəcədə deyildi.
Azərbaycanda bu sahədə ilk qəti addımlar ancaq Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra atılmışdır. 1924-cü ildə «Şahsənəm» operasını (xalq arasında geniş yayılmış «Aşıq Qərib» dastanı əsasında) yaratmış bəstəkar R. M. Qlierin təcrübəsi Azərbaycan musiqisinə simfoniya üslubu gətirmək, Azərbaycan musiqi mövzuları əsasında mürəkkəb formalar yaratmaq sahəsində çox böyük rol oynamışdır. İndi ifşa olunmuş burjua millətçiləri R. M. Qlieri Azərbaycanın musiqi ictimaiyyətindən, o cümlədən biz bəstəkarlardan ayrı salmağa çalışırdılar. R. M. Qlier Azərbaycan mövzusunda opera yaradarkən folklorumuzun bütün melodiya zənginliyindən istifadə edə bilməmiş, Azərbaycan musiqisinin lad, vəzn və nüanslarının bütün xarakterik xüsusiyyətlərini öyrənə bilməmişdir. Bununla belə, bəstəkarın böyük ustalıqla yaratdığı «Şahsənəm» operası Azərbaycanda yeni opera mədəniyyətinin möhkəm təməlini qoydu.
Bugün biz Azərbaycan operasının otuz illiyini opera qarşısında qoyulmuş müasir tələblərə cavab verən yeni əsərlərlə qarşılayırıq. Şübhəsiz, hazırkı üç operanın— istər «Şahsənəm», istər «Koroğlu» və istərsə də «Nərgiz» operalarının ciddi nöqsanları vardır. Lakin bütün bunlarla yanaşı, mən bir bəstəkar kimi, «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər ciddi bir yaradıcılıq yolu keçdiyimi, partiya və hökumətimizin biz bəstəkarlar üçün yaratdığı gözəl şərait sayəsində öz ustalığımı yeni müxtəlif texniki vasitələrlə nə qədər zənginləşdirdiyimi hiss edirəm. Mən hələ operalarımızın istər süjet, istərsə də musiqi cəhətdən tamamilə yeni məzmun kəsb etdiyini demirəm. Bu operalar tamamilə xalqa məxsus olan, onun qəhrəman keçmişindən, çəkdiyi əzab-əziyyətdən, arzu və qələbələrindən bəhs edən sovet əsərləridir.
Təsadüfi deyildir ki, Azərbaycanda yeni sovet operasının yaranması ilə bir zamanda dördsəsli xor, notlu orkestr, nota yazılmış muğamlar meydana gəlmişdir. Bütün bunlar Sovet Azərbaycanının artmaqda və inkişaf etməkdə olan musiqi mədəniyyətinin nailiyyətləridir. Azərbaycan bəstəkarlarının simfonik əsərlər yaratması da fərəhli hadisələrdən biridir.
İndi Azərbaycanın öz opera teatrına malik olduğunu düşündükdə adamın qəlbi partiyamıza sonsuz təşəkkür hissi ilə dolur. Biz «Leyli və Məcnun»u ilk dəfə tamaşaya qoyarkən bir zaman öz orkestrimizin, dirijorlarımızın, müğənnilərimizin, xorumuzun, rəssamlarımızın və opera teatrımızın olacağını ağlımıza belə gətirmirdik. İndi bizdə bunların hamısı vardır. Azərbaycan incəsənətinin inkişafına partiya və hökumətimizin göstərdiyi qayğının konkret ifadəsi olan bütün bunlar biz bəstəkarları yeni-yeni əsərlər yaratmağa ruhlandırır. Belə bir əsrdə yaratmamaq olarmı? Gözəl incəsənəti yüz illər boyu istifadəsiz qalan bir xalq qarşısında özümüzü borclu hesab etməyə bilərikmi?
1.Məqalə «Bakinski raboçi» qəzetinin 1938-ci il 16 mart tarixli nömrəsində, habelə «İskusstvo azerbaidjanskoqo naroda» məcmuəsində (M.—L., 1938-ci dal) dərc olunmuşdur. Rus dilindən tərcümədir.
2. Bəstəkarın opera üçün tərtib etdiyi libretto bu cildə əlavə şəklində daxil edilmişdir.
3. Müslüm Maqomayev «Şah İsmayıl» operasını hələ 1916-ci ildə tamaşaya qoymağa çalışmışdır; bunu o zaman buraxılmış afişalar göstərir; lakin Tağıyev teatrının binasında baş vermiş yanğın nəticəsində ilk tamaşa təxirə salınmış və ancaq 1919-cu il martın 7-də göstərilmişdir.
4.Bəstəkar «Aşıq Qərib» operasının, «Evli ikən subay», «Əlli yaşında çavan» musiqili komediyalarının və b. əsərlərin müəllifi, öz qardaşı Zülfüqar Hacıbəyovu nəzərdə tutur.