Aşiq sənəti1
Azərbaycan SSR Xalq Maarif Komissarlığı aşıqların qurultayını çağırmaqla ictimaiyyətin diqqətini xalq musiqisini və xalq eposunu yayanların elə bir dəstəsinə cəlb edir ki, həmin dəstə zəhmətkeş kəndli kütlələrinə hamıdan yaxın olduğu halda, hamıdan az qayğı görür və kölgədə qalaraq öz ictimai peşəkarlıq simasını göstərə bilmir. Bu, aşıqların qeyri-mütəşəkkilliyi və öz ictimai peşə hüquqlarını başa düşmək işində sazəndələrə və zurnaçılara nisbətən geri qalmaları ilə izah olunur.
Həmin gerilik isə onunla izah edilir ki, aşığın ictimai əhəmiyyətini lazımınca qiymətləndirmək iqtidarında olmayan köhnə cəmiyyət onun rəqibi sazəndələri müdafiə etmişdir; sazəndələrin «fəaliyyət dairəsi» təkcə şəhərləri deyil, varlı kəndləri də əhatə edərək getdikcə genişlənmiş, aşıqlar isə ucqar və yoxsul kəndlərə çəkilməli olmuşlar. Nəticədə aşıq sənəti demək olar ki, ölümə məhkum idi. Halbuki aşıq sənətinin ictimai və elmi əhəmiyyəti böyükdür.
Aşıqlar kimlərdir və onların qurultayı nə verə bilər?
«Aşıq»—ərəb sözü olub aşiq deməkdir. Əsil aşıqlar indiki aşıqlardan fərqlənmişlər; onlar məhəbbətin tə'siri ilə şe'r və musiqi qoşmaq iste'dadına malik əfsanəvi şəxslər olmuşlar. Sonralar «aşıq» adı əsil aşıqlar haqqında dastanlar danışan, həm də öz hekayətini sazın müşayiəti altında mahnılarla izah edən şəxslərə veril-mişdir. Əfsanəvi aşıqlar kimi, bu şəxslər də geniş şöhrət qazanmışlar. Onlar şəhərlərə və kəndlərə gedərək öz hekayət və mahnıları ilə dinləyiciləri heyran qoyurdular. Bu cəhətdən aşıqlar müəyyən dərəcədə Qərbi Avropanın roman və alman trubadurlarını və minnezingerlərini xatırlatmışlar. Hökmdarlar, xanlar və başqa taxt-tac sahibləri ən yaxşı aşıqları saraya cəlb etməyə çalışmış və onları saray musiqiçisi kimi öz yanlarında saxlamışlar. Saraylarda aşıqlar yarışa girərmişlər. Öz ifaçılıq məharəti ilə fərqlənən və verilən «müdrik» suallara ağıllı cavablar verən aşıq birincilik qazanarmış. Lakin elə hadisələr də olmuşdur ki, aşıq öz ustalığının ədalətlə və layiqincə qiymətləndirilmədiyini görüb «sahibi» və «sərkarı» haqqında şe'r qoşmuş, ona acı-acı gülmüşdür; bunun üçün o, ciddi cəzalara, sürgünlərə mə'ruz qalmışdır. Bə'zi aşıqlar öz sənətlərinə sadiq qalaraq asılı vəziyyətə düşməmiş və azad ustad hesab olunmuşlar.
Zaman keçdikcə aşıq sənəti baş verən tarixi hadisələrin tə'siri ilə adi peşə xarakteri almağa başlamış aşıqlardan toy hekayətcisi və musiqiçisi kimi istifadə olunmuşdur.
Azərbaycanda aşıq sənətinin yayılmasına ən çox mühit özü tə'sir göstərmişdir; sazəndələr isə fars tə'sirinin məhsuludur. Hazırda Azərbaycan xalq musiqisinin nümayəndələri iki kateqoriyaya bölünür: sazəndələr, zurnaçılar və aşıqlar; aşıqlar sazəndələr və zurnaçılardan bununla fərqlənirlər ki, onlar dəstə ilə deyil, tək çıxış edir, yalnız nadir hallarda saz çalan aşıqdan və iki zurnaçıdan ibarət dəstə təşkil edir.
Aşıqların repertuarı forma rəngarəngliyi və musiqinin xarakteri e'tibarı ilə sazəndələrin repertuarından kəskin fərqlənir. Aşıq musiqisini formasına görə iki kateqoriyaya ayırmaq olar: epik və lirik.
Məsələn, epik repertuara Kərəmi, Koroğlu və sairə daxildir. Bu adlar aşıqların bəhs etdiyi dastanlardakı qəhrəmanların adlarıdır. Aşıq dastanın məzmununu oxumadan, hekayə şəklində danışır, qəhrəmanların və iştirak edən başqa şəxslərin söz və müraciətini isə sazın müşayiəti ilə oxuyur.
Lirik musiqi formalarının adları şe'r adlarından götürülmüşdür, məsələn, dübeyt, müxəmməs, qafiyə, qəsidə və s.
Aşıq musiqisi öz xarakterinə görə türk-kürd üslubuna yaxındır. Aşıqlar Azərbaycan bayatıları və şikəstələrinin ən yaxşı ifaçılarıdır. Azərbaycanda aşıqlar sazəndələrdən əvvəl meydana gəlmişdir. Azərbaycanda aşıqlıq təkcə kişilər arasında deyil, qadınlar arasında da yayılmışdır. Kişilərdən Abbasqulu, Nəcəfqulu, Aleksan (əsli ermənidir), Talıb, Hatəm və başqaları, qadınlardan Şirin, Nabat, Mələk və başqaları məşhur aşıq olmuşlar.
Aşıqlar qurultayı bizə müasir aşıqlarımızla tanış olmaq imkanı verəcəkdir. Söz yox ki, qurultayın əhəmiyyəti heç də bundan ibarət olmayacaqdır, ona daha böyük tarixi əhəmiyyət vermək lazımdır. Biz qurultayın yekunları və çıxaracağımız əməli nəticələr haqqında qurultaydan sonra danışacağıq. Mən burada qurultayın işinin bə'zi mühüm cəhətləri haqqında öz fikrimi qısaca olaraq şərh etmək istəyirəm.
Qurultay aşıq sənətinin canlanmasına xeyli kömək etməli, onun ölməkdə olan orqanizminə həyat verməlidir.
Aşıq sənəti ölməməlidir, bu sənət xalqa, kütlələrə daha yaxındır, xalqın həyəcan və arzularını xalq musiqisinin başqa növlərinə nisbətən daha parlaq əks etdirir. Sazəndədən fərqli olaraq, aşıq ictimai mövqeyinə görə kəndliyə, zəhmətkeş xalqa yaxındır. Şübhəsiz ki, qurultay aşıq sənətinin bu vaxtadək az əhəmiyyət verilən mədəni cəhətinə müsbət tə'sir göstərə bilər. Aşıq sənəti xalqın öz yaradıcılığıdır; xalq yaradıcılığı texniki və ya metodiki vasitələrlə deyil, öz-özünə, xalqın mədəni və ictimai-siyasi yüksəlişi ilə yanaşı inkişaf edir. Qurultay aşıqların birləşməsinə kömək etməlidir; ona görə yox ki, onlar Rabis ittifaqına üzv ola bilsinlər, ona görə ki, aşıqlarda ruh yüksəkliyi yaransın, onlar xalq yaradıcılığının nümayəndələri kimi öz ləyaqət və qiymətlərini daha yaxşı başa düşsünlər.
Aşıq ifaçılıq məharətini sxolastik mühitdə öyrənmir; ona təmiz hava, yaşıl çəmən, çöl ciçəklərinin ətri, uca dağlar, geniş tarlalar, quşların cəh-cəhi, çayların şırıltısı ilham gətirir, aşıq əsil azad rəssamdır. Qurultay eyni muğamların nəhayətsiz təkrarından ibarət olub adamı bezikdirən tar-radio konsertlərindən sonra səslənəcək aşıq musiqisinin təravətləndirici tə'sirinə ictimaiyyətin, xüsusən Bakı ictimaiyyətinin diqqətini cəlb etmək işinə kömək edəcəkdir. Qurultay ictimai, eqnoqrafik və elmi xarakterli çoxlu musiqi materialı verəcəkdir. Bu da həmin sahələrdə işlənilən elmi əsərlərin zənginləşməsinə və durüstləşməsinə səbəb olacaqdır.
Nəhayət, qurultay hər çür köləlik və nökərçilik zülmündən xilas olmuş zəhmətkeş xalqın yaradıcılığına yeni sosialist quruluşunun tə'sirinin ilk əlamətlərini göstərəcəkdir.
Qurultayın mütəşəkkil kecirilməsi ictimai-iqtisadi və musiqi-ictimai xarakterli digər mühüm cəhətləri də aşkara çıxara bilər, aşıqlar qurultayının böyük mədəni-tarixi əhəmiyyətini e'tiraf edən yoldaşlar bu baradə danışmalıdırlar.
1. «Aşıq sənəti» məqaləsi Azərbaycan aşıqlarının I qurultayının çağırılması münasibəti ilə yazılmışdır, qurultay 1928-ci il mayın 5—7-də Bakıda keçirilmişdir. Qurultayın açilışı günü (5. V) Azərbaycan SSR Nazirlər Soveti və Maarif Nazirliyi adından Ruhulla Axundov yoldaş, AzMİK adından Səmədağa Ağamalıoğlu, respublikanın aşıqları adından aşıq Bilal (Şamxor rayonu) təbrik nitqi ilə cixış etmişlər. Qurultayın ikinci günü (6. V) Üzeyir Hacıbəyov məruzə etmişdir. Onun məruzəsinin stenoqrafik yazısı hələ tapılmamışdır. Lakin bu məruzəiin makinada latın əlifbası ilə yazılmış əvvəli Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işcisi, filoloji elmlər namizədi Əhliman Axundovun şəxsi arxivində saxlanılır; o, nəinki Ü. Hacıbəyovun məruzəsinin əvvəlini, həm də rus dilində makinada yazılmış «Aşıq sənəti» məqaləsini məmnuniyyətlə bizə təqdim etmişdir. Bu məqalə o zaman «Bakinski raboçi» qəzetinin 1928-ci il 7 may tarixli 109 (2256)-cu nömrəsində dərc olunmuşdur və oradan köçürülmüşdür. Cilddə əyani müqayisə ücün Ə. Axundovda olan məqalənin fotosurəti verilir; onun kənarında Azərbaycan aşıqları qurultayının məsul təşkilatçilarından biri olan H. Zeynallının maraqlı qeydi vardır. Məqalə rus dilindən tərcümədir.