Felyetonlar
Biz qızışırıq
Hər bir qızmış şey axırda soyuyan kimi, biz də əvvəl qızışıb sonra soyuyuruq. Məsələn, günlərin bir günü qızışıb məktəb açırıq. Budur, müavini-müdir, nazir, müavini-nazir; müəllim, müavini-müəllim, mübəssir, mütəbbir, xəzinədar, buxalter, kağızaparan, kağızgətirən, storoj, müavini-storoj – qərəz, bir batalyon adamı çağırıb məktəb açırıq və deyirik ki, gərək bu məktəbdə ərəb dili, fars dili, türk dili, rus dili, firəng dili, alman dili, ingilis dili, şəriət, təbiət, hikmət, həndəsə, hesab, hivzüs-sihhə, üsuli-dəftər, coğrafiya, tarix, filan, filan, filan oxuyub, uşaqlarımız məktəbi qurtaran kimi alimi-fazil və filosofi-kamil olsunlar.
Bir il keçir…
Biz yavaş-yavaş soyuyuruq…
Məktəb də yavaş-yavaş soyuyur…
İki il keçir…
Biz lap soyuyuruq…
Məktəb də lap soyuyur…
Üç-dörd il keçir.
Biz soyuyub buza dönürük…
Məktəb də soyuyub buza dönür.
Sonra oturub papağımızı geri edib, ah çəkirik və deyirik ki:
- Ah! Bu məktəbin bir zamanı vardı ki, dəm-dəstgahı dillərdə söylənirdi, amma indi? Müdirlər, müəllimlər dağıldı, uşaqlar dağıldı. Ata-analarda həvəs qalmadı. Elə müsəlmanın işi belə olar!
Daha əvvəldə bir fikir eləmirik ki, axı bir bu qədər camaatı ki, məktəbə yığmışıq və məqsədimiz də uşaqlarımızı filosof etməkdir, bunları dolandırmaq lazımdır; dolandırmaq üçün pul lazımdır; pul tapmaq üçün əlləşmək lazımdır; əlləşmək üçün həvəs lazımdır; həvəs üçün başda fikir lazımdır; fikrimiz də gərək bu cürə olsun: «İşin bünövrəsini xırda götür, qoy sonra böyüsün, yə’ni təbiətin yolu ilə get!»
Təbiətin yolu deyir ki, insan, heyvan, nəbatat – anadan doğulanda balaca olsun, sonra yavaş-yavaş böyüyüb həddi kamala yetsin.
Həmçinin ticarət, həmçinin sənət, həmçinin hər bir işimizdə bu yolla getmək lazımdır.
Əvvəl xırda, sonra böyük, nəinki əvvəl böyük, sonra xırda…
Opera dramın evini yıxdı
Deyirlər ki, opera dramın evini yıxdı… Qərəz, sözümüz bunda deyildi və bəhsimiz də özgə şey üstündədir.
Məqsədimiz budur ki, oxucularımıza bir qədər də teatr «Mə’lumatı» verək. Çünki yəqinimdir ki, bizim oxucularımız: «Drama, komediya, tragediya, opera» sözlərini özgə cürə başa düşürlər. Halbuki bu sözlərin mə’naları oxucularımızın bildiyi kimi deyildir.
Ay oxucu, təqsir səndədir. Hərgah keçən cümə günü teatra gedib, «Qəzavat» dramasına baxsaydın, o halda yuxarıdakı sözlərin əsl mə’nasını öyrənərdin.
İndi ki, sən getməyibsən, onda qulaq as, deyim.
Deyirlər ki, opera dramanın evini yıxdı. Bağışlayın, bu sözlərin buraya dəxli yoxdur. Birdən-birə fikrimə gəlib dedim. Bəli, keçək mətləbə.
Gedib teatrda əyləşirsən, pərdə qalxır, oyun başlayır, tamaşa edirsən. Birdən görürsən ki, artist sözünü qurtarıb, o yana - bu yana baxır, sıxılır, qısılır, bilmir ki, nə eləsin; utanır, tərləyir, dodaqlarını gəmirir, camaat da gözlərini bunun üzünə dikib, gözləyirlər ki, görək oyunun dalı necə olacaqdır. Binəva artist yalvarıcı bir nəzərlə gah qapılara, gah səhnə dalına, gah suflyor hininə göz dolandırıb, amma heç bir yerdən kömək görmür. Bu binəvanı camaat qabağında belə bir çətin hala salan onun öz yoldaşıdır ki, gərək vaxtında çıxıb, o da sözünü deyəydi, amma yoldaşı bivəfalıq edib çıxmaq istəmir… İndi səhnədə naəlac qalmış olan bu artistin əhvalına deyirlər drama.
Bəli, deyirlər ki, opera dramanın evini yıxdı… Ah, yenə bu söz dilimə gəldi, dedim. Zərər yoxdur. Söhbətin dalına qulaq as.
Teatra əyləşib tamaşaya qulaq asırsan. Birdən görürsən ki, söhbətin şirin yerində pərdə düşdü. Camaat qaldı məəttəl, sonra pərdə qalxdı, sonra yenə endi, sonra yenə qalxdı, sonra yenə endi, bu işin adına deyirlər komediya.
Deyirlər ki, opera dramanı… Əşi, tulla bu sözü. Onsuz da bu barədə dörd-beş ildir ki, danışırlar, qulaq as.
Bəli, teatrda artist səhnədə məəttəl və tamaşıçılar da oyunun dalına müntəzir qalıb, pərdə gah enir, gah qalxır, ovqattəlxilik əmələ gəlir. Xalq narazılıq izhar edir. O halda teatr qoyan binəva başı alovlu, ora yüyürür, bura yüyürür, ona yalvarır, buna yalvarır, axırda naəlac qalıb., iki əlilə başının tüklərini yolur: bunun da bu halına deyirlər tragediya.
***
Camaat görür ki, işlər şuluqdur. Durub yavaş-yavaş dağılırlar və gedə-gedə yolda bu havanı «heyratı» üstündə oxuyurlar:
«Əvvəldən bilseydim, almazdım bu bileti:
Dramaçılara allahdan ağıl istərdim».
Buna deyirlər opera. (…)
***
Bunlar hamısı keçəndən sonra qəzet oxuyanlardan və qəzet oxuyanlara qulaq asanlardan və qulaq asanların söhbətinə yığışanlardan, qərəz, müsəlmanların hamısından təvəqqə olunur ki, qurban dərilərini cəmiyyəti-xeyriyyəyə versinlər ki, Kars fəlakətzədələrinin ehtiyacına sərf olunsun. Başqa təmənnamız yoxdur.
Miniatürlər
Atalar sözləri
Müsəlmanlarda bir məsəl var, deyirlər ki, ağac bar gətirdikcə başını aşağı tutar. Amma bainhəmə, müsəlmanlarda bir qayda vardır ki, onların «ağacları» bar gətirdikcə başlarını yuxarı tutub, ancaq hökumət qapazı dəydiyi zaman başlarını aşağı tutarlar ki, qapaz vurana «rahat» olsun.
* * *
Yenə müsəlmanlarda bir məsəl var ki, yaxşılıq elə, at dəryaya, balıq bilməsə, xalıq bilər. Amma bainhəmə, müsəlmanlarda bir qayda da vardır: Yaxşılıq elə at onların içinə, sairlərin xoşuna gəlsə də, müsəlmanların acığı tutar.
* * *
Yenə müsəlmanlarda bir məsəl var ki, əl əli yuyar, əl də üzü. Amma bainhəmə, müsəlmanlarda bir qayda vardır: Əl əli sındırar, əl üzün gözün tökər.
* * *
Yenə müsəlmanlarda bir məsəl var ki, əyri otur, düz danış. Amma bainhəmə müsəlmanlarda bir qayda vardır ki, həmişə düz və diz üstə oturub, əyri-müyrü sözlər danışarlar.
* * *
Yenə müsəlmanlarda bir məsəl var ki…
Müsəlmanlarda məsəl çoxdur, amma nə eləmək, əməl azdır və bir yerdə ki, məsəl çox ola və əməl az ola, o yerin işi…sözün doğrusu çox uzundur.
Peyğəmbər
Bir kişi peyğəmbərlik iddiası eləyirdi. Onu tutub qubernatorun yanına gətirdilər. Qubernator soruşdu ki, heç mö’cüzə gəstərə bilərsənmi?
Dedi:
- Göstərərəm.
Dedi:
- Nə göstərərsən?
Dedi:
- Bu saat bilirəm ki, sən nə fikir eləyirsən.
Qubernator dedi:
- Bil görək.
«Peyğəmbər» dedi:
- Bu saat sən fikir eləyirsən ki, əgər bu kişi yalançı olsa, tutub həbs edərəm, amma sonra rüşvət alıb buraxaram.
Axmaq vəzir
Bir dəfə rus vəzirlərindən birisi öz sekretarını çağırıb dedi ki, götür, Rusiyada nə qədər axmaq adam varsa, hamısının adını bir-bir yaz.
Sekretar əlinə kağız götürüb lap başda vəzirin öz adını yazdı. Vəzirin buna acığı tutub dedi:
- Bu saat mənim axmaqlığımı sübuta yetirməsən, səni tutub voyenni polevoy tribunal hökmü ilə rastrelivat etdirəcəyəm.
Sekretar ərz elədi ki:
- Bu saat sübuta yetirim. Sən götürüb Lidval adlı bir suçuya on milyon pul taxıl zakaz veribsən və ondan tutub bir şey girov almaq əvəzində, özün qabaqca ona bir milyon manat pul veribsən? Ayə, indi görək haman suçu Lidval bir milyon manat pulu alandan sonra gətirib sənə taxıl verirmi?
Vəzir dedi:
- Sən nə bilirsən ki, verməz?
Sekretar cavab verdi:
- Zərər yoxdur, nə vaxt gətirib versə, sənin adını pozub onun adını yazaram.
Birisi bir kora dedi:
- Allah təala bir adamı kor eləyəndə əvəzində ona təsəlli üçün bir yaxşı qabiliyyət əta eləyir, sənə nə qabiliyyət əta eləyibdir?
Kor dedi:
- O gözəl qabiliyyəti əta eləyibdir ki, nə yalançı millətpərəstlərin və fokkusbaz sosialistlərin üzünü görürəm, nə də qiyamətə kimi görəcəyəm! Vəssalam!
Satirik hekayələr
Müəllimə
Onu göndərdilər ki, azarlamış müəllimin yerini hələlik dolandırsın… Müəllimə özü rus, şagirdlər müsəlman.
Əvvəlki gün dərs otağına girdikdə, uşaqların çirkli paltarlarından gələn iydən az qaldı ki, burnunu tutub çıxsın. Ətir və ənbərə öyrənmiş olan bu cür iylərə dözmək istəmirdi. Şagirdlər tərəfindən gətirilib mizlərin içində gizlədilmiş olan İran şirniyyatının (zə’fəran, mixək, darçın, hil kimi) qoxuları uşaqların üst-başından çıxan çirk və piy iyinə qatışıb, onsuz da əlliyə qədər adamın nəfəsi ilə pozulmuş havanı daha da bədtər etmişdi.
Heç süpürülməmiş və yainki süpürülən kimi zibillənmiş olan döşəmənin üzündə toz-torpaq , yeyinti qırığı, uşaqların əyni-başı cırıq-cırıq, başlarında yekə-yekə papaq və çirkli yaylıq, müəllimənin təmizliyə öyrənmiş olan gözlərini incidirdi.
Səs-küy, anlamadığı bir dil, qışqırıq, lüzümsüz gülüş binəvanın musiqiyə öyrənmiş qulağına çox fəna tə’sir edirdi.
- Mən buna dözə bilmirəm, - deyib müəllimə istədi ki, çıxıb getsin. Lakin qalmağa məcbur idi, yoxsa gələcək ümidləri zay ola bilərdi.
Dərsə başladı… Uşaqlar rus dilini bilmir, bu dediyini onlar, onlar dediyini bu anlamırdı… O idi ki, klasda uşaqları nizamla saxlamaq mümkün deyildi. Bu hər nə deyirdisə, uşaqlar öz bildiklərini edirdilər.
Belə pərişan və qat-qarışıq bir mənzərə içində bir şey müəllimənin diqqətini cəlb etdi. Uşaqlardan küncdə oturan bir nəfəri bu nizamsızlığa heç qarışmayıb, dinməz-söyləməz oturub kamali-ədəblə dərsə qulaq asırdı. Əyninə baxdıqda, bu, bir kasıb balası idi, amma üzündə nəcabət əsarı var idi. Bundan heç bir nalayiq hərəkət baş vermirdi.
Sözsüzdür ki, bütün klasın içində müəllimənin xoşu gələn bir şagird var idisə, həmin bu Əlisəfdər idi; özü də yoldaşlarından rusca çox bilirdi və yaxşı xətt ilə yazırdı.
- Allahın altında bunun əyni-başı düzəlmiş olaydı, - deyib müəllimə hətta bu fikirdə oldu ki, Əlisəfdərə paltar tədarükü görsün. Amma o biri uşaqlar müəlliməni çox incidirdilər. Özləri də klasda papaqlı otururdular.
- Bu saat papaqlarınızı çıxarın, - deyib müəllimə uşaqların üstünə qışqırdı. Onun əmrini anlayanlar papaqlarını çıxartdılar, anlamayanlar da o birilərinə baxıb başlarını açdılar.
Lakin burada bir şey müəlliməni heyran qoydu. Onun dostu Əlisəfdər papaqlı oturmuşdu. Müəllimə təəcüblə ona baxıb, «Sən də papağını çıxart» - dedi. Lakin o heç tərpənmədi, ancaq qıpqırmızı qızardı. Şagirdlər səslərini kəsib bütün diqqətlərini bu fəqərəyə cəlb etdilər. Klasda dərin bir sükut əmələ gəldi. Müəllimə dost tutduğu şagirdin bu itaətsizliyindən qəlbi sınmış halda, ona tərəf gedib, öz əli ilə onun papağını çıxartdı. Bu halda uşaqlar hay-küy saldılır ki, az qaldı otaq dağılsın. Müəllimə bilaixtiyar geri çəkildi və az qaldı ki, özündən getsin. Lakin ona əsər edən uşaqların vəhşi qışqırığı deyildi.
Bəs nə idi?
Əlisəfdərin başı keçəl idi.