Aslanov Mirabbas
Üzeyir gülüşü
Üzeyir Hacıbəyov çoxşaxəli iste'dada malik nadir sənətkardır. O, böyük bəstəkar, pedaqoq, yazıçı, jurnalistdir. Doğrudur, sənətin bu rəngarəng sahələrinin hamısında eyni səviyyədə parlamamışdır; lakin hər birində özünəməxsus yol tutmuş, XX əsr dövri mətbuatımızda da bir yazıçı, jurnalist kimi layiqli mövqe qazanmışdır.
«Həyat» qəzetinin mütərcimi (1905-ci il), «İrşad», «Tərəqqi», «Həqiqət» (1906—1910) və «Yeni iqbal» (1915—1916) qəzetlərinin əməkdaşı, sonuncuların bir müddət redaktoru olan Ü. Hacıbəyov yüzlərlə məqalə, hekayə, felyeton, satirik miniatür yazıb; «Molla Nəsrəddin» jurnalında və rus dilində nəşr olunan dövri mətbuatda da ara:sıra çıxış edibdir. Buna görədir ki, Ü. Hacıbəyovun ədəbi irsinin mühüm hissəsini pub-lisistika təşkil edir. Onun əsərlərini mütaliə edən oxucu müəllifin duzlu-məzəli hekayə, pamflet və felyetonlarında, satirik miniatürlərində vətəndaş bir yazıçının, müqəddəs bir məslək sahibinin həmişə xalq səadəti üçün döyünən ürəyinin hərarətini duyur iste'dadlı qələm sahibinin söhbətlərinin ləzzətindən doymaq bilmir.
* * *
XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin, ictimai fikrinin inkişafında yeni mərhələ başlanır. Ü. Hacıbəyov da bu dövrün «təzə adamı»1idi. Üzeyir qələmi birinçi rus inqilabının alovlarından yaranmışdı və bu qələmi ilə də o, «tufanlara kömək edirdi».2
Ü. Hacıbəyov publisistikasını səciyyələndirən əsas cəhət ideyalılıqdır. «Sənətkar və alim üçün, publisist və felyetonçu üçün, kim olur olsun, hamı üçün bir qanun var: ideya hər şeydən vacibdir! Kim bu qanunu unudarsa, xalqa xidmət etmək qabiliyyətini dərhal itirər».
Ü. Hacıbəyov sənət aləmində prinsipsizliyi qətiyyətlə pisləyirdi. O, yazıçı, jurnalist və musiqi xadimi olmaqdan daha artıq bir vətəndaşdır, sənətin hansı sahəsinə əl atırsa atsın, işə hər şeydən əvvəl, bir vətəndaş kimi girişir, özü-özündən hesabat tələb edir: nəyin xatirinə yaradırsan, nə məqsədlə yazırsan? Üzeyir sənətinin bünövrə daşı, fəaliyyətinin əzəli, əbədi qayəsi olan bu məqsəd—doğma xalqına xidmətdən, onun azadlığı uğrunda mübarizədən ibarətdir. Bakının neft mə'dənlərindən qopan azadlıq şüarları dalğa-dalğa ölkəyə yayılanda, «Marselyoza», «Beynəlmiləl» kimi inqilabi mahnıların sədaları Abşeronu bürüyəndə Ü. Hacıbəyov da hamının eşitdiyi aydın səslə deyirdi: «Batsın istibdad, yaşasın hürriyyət!»
Təbiətcə narahat adam olan Ü. Hacıbəyov peşə xüsusiyyətlərinə görə də həmişə hərəkətdə olan, hər saat təzə-təzə mə'lumat üçün axtarışlar tələb edən mühərrirliyə başlamışdı. Təbiətindəki narahatlıq ilə jurnalistika sənətindən irəli gələn operativlik bir-birinə qarışdığı üçün o, «umman kimi təlatümə gəlmişdi».3 Bu xususiyyət özünü iki cəhətdən göstərirdi: həm bədxahlarından birinin dediyi kimi, o, «bir budağa çıxıb, çox budağı silkələyirdi»,4 həm də «İrşad», «Tərəqqi», «Həqiqət» qəzetlərində, demək olar ki, hər gün yazırdı. Qəzetin bir nömrəsində həm ciddi məqalə, həm də felyeton, ya bir neçə satirik miniatür ilə çıxış edirdi. Üzeyir Hacıbəyov ictimai həyatda daim təzə hadisə axtarır və hər şeydən əvvəl, həmin yeniliyin təşəkkül tapma prosesinə qızğın maraq göstərirdi. Digər tərəfdən, fövqəl'adə ağıl, dərin bilik və hünər sahibi olan gənc curnalistin hər sözü tonlarla külçə içərisindən seçilmiş zərrələrə bənzəyirdi. O öz felyeton və məqalələri üçün ustalıqla söz axtarır və onların ən münasibini tapırdı.
«Mənə yazılan xəbərlərə görə, aclar toxların əhvalından xəbərdar olub, öz aralarında bir milyondan artıq lə'nət və söyüş ianəsi yığıb göndəriblər ki, toxlar içində müstəhəqq olanlara paylansın».
Bircə miniatürdür: həcmə bax, tutuma bax!: Adi «Gündəlik» qeydlərinə oxşayan bu mə'nalı kəlam Ü. Hacıbəyovun bədii təfəkkürü, dünyagörüşü haqqında da kifayət qədər mə'lumat verir.
Onu yaxından tanıyanlar «bu adamda yumora, hazırcavablığa, xoş söhbətin tükənməzliyinə heyrət edərdilər».5 1900-cu ildə tələbə dostu Ə. Terequlovun «dəl-ləkliyinə» şe'r qoşduğu6 günlərdən ömrünün sonuna qədər baməzə söhbət, hazırcavablıq Ü. Hacıbəyovun yaraşığı idi.
Gülüş onun yaradıcılığının ən mühüm xüsusiyyətlərindəndir. Ədibin «O olmasın, bu olsun». «Arşın mal alan» komediyalarının, felyeton, pamflet, satirik hekayə və miniatürlərinin mayası şən gülüşlə yoğrulmuşdur. Ü. Hacıbəyov böyük gülüş ustası idi.
O, nə zaman gülürdü?
XX əsrin əvvəllərində birinci rus inqilabının qüvvətli tə'sirilə ağır yuxudan oyanıb hərəkətə gələn xalqların milli azadlıq hərəkatını qanlı irtica dalğalarında boğmaq istəyən, kütləvi qırğın vasitələri ilə Rusiyanın rahatlığına əncam axtaran çar hökuməti özünü gülünc hala qoymuşdu. Zamanın gözüaçıq ziyalıları tərəqqipərvər adamları «öz keçmişindən gülə-gülə ayrılmağa» (K. Marks) çalışırdılar. Ü. Hacıbəyov da bu zaman gülürdü.
O, kimə və nəyə gülürdü?
Çar hökumətinin öz qarımış vücudunu saxlamaq qəsdilə «əl-ayaq çalan» dəbdən düşmüş uğursuz idarə üsuluna, qardaş xalqlar arasında qırğın törədən şeytani əməllərinə, oyuncaq Dövlət Dumasına, mə'mur libası geyib zorakılıq edənlərə, ikiüzlü din dəllallarına, simasız cızmaqaraçılara, XX əsrə uymayan köhnə adətən'ənələrə—bir sözlə, ictimai inkişafa mane olan, iqtisadi, mədəni tərəqqiyə əngəl törədən nə varsa, kim varsa, hamısına gülürdü. Ü. Hacıbəyov «Molla Nəsrəddin» kimi «çox sirləri» açır, pərdələri qovzayır, yaraları nəştərləyirdi.
O, necə gülürdü?
--------------------------------------------------------------------------------
1. M.S. Ordubadi. Böyük sənətkar barəsindəki xatıratım. Bax: Bəstəkarın xatirəsi (məqalələr, xatirələr), Bakı, 1976, cəh. 17.
2. M.İbrahimov. Tufanlara kömək edən bir qələm… Ədəbi qeydlər (məqalələr), Bakı, 1970, cəh. 212.
3. S.Vurğun. Əsərləri. 6 cilddə, 5 c. B., 1972, səh. 357.
4. “Həyət”, 25 iyun 1906, № 137.
5. R.Rza. Sadə və böyük insan. “Ədəbiyyət və incəsənət” qəzeti, 18 sentyabr 1968, № 39.
6. Bax: Bəstəkarın xatirəsi (məqalələr və xatirələr), B.. 1976, səh. 93-101
Babayev Elxan
Başıma gələnlər
70-ci illərdə radionun musiqi Baş redaksiyasında şöbə müdiri vəzifəsində çalışırdım. Bir gün səhər işə yenicə gəlmişdim ki, sədr müavininin katibəsi zəng çalıb məni rəisin yanına çağırdı. Otağa daxil olanda radionun rəisi ilə buraxılış şöbəsinin müdirinin yan-yana oturub məni qəzəbli baxışlarla qarşıladıqlarını gördüm.
– Bu nə konsertdir 8.10-da vermisiz – deyə rəis başını qaldırmadan nəzərlərini yazı masasına dikdi.
Mən tələsik proqramı götürüb oxumağa başladım.
– Xalq mahnıları. Solistlər: respublikanın xalq artistləri Sara Qədimova və Əbülfət Əliyevdir.
– Sonra...
– Sonra, xalq mahnısı «Yeri, dam üstə yeri».
– Xalqımız kosmosa uçur.
– Siz isə hələ dam üstə yeriyirsiniz, yoldaş Babayev – deyə rəis buraxılış şöbəsi müdirinin sözünü kəsdi.
Otaqdan çıxanda nə üçün çağrıldığımı, hansı günahın sahibi olduğumu başa düşə bilmədim.
* * *
İlk dəfə, böyük həyəcanla, müəllim kimi, sinfə girdim. F. Əmirovun «Sevil» operasını keçməliydim. Proloqdan başladım. «Xalq»ın mövzusunda bəstəkar orqan punktundan istifadə edib» – deyəndə hiss etdim ki, auditoriya onun nə olduğunu bilmir.
Üzümü sinfə tutub dedim: «Kim deyər, orqan punktu nədir? Sinfə sakitlik çökdü.
Az keçməmiş oğlanlardan biri ayağa qalxıb dedi: «Mən bilirəm, müəllim! Orqan punktu orqançalanın oturduğu yerə deyirlər!
* * *
Ella Markovna Nikomarova konservatoriyanın musiqi nəzəriyyəsi kafedrasında uzun illər çalışıb. O, metodika dərsində bizə belə bir əhvalat söyləmişdi:
«Müğənnilərə solfecio dərsi keçirdim. Dominant septakkordun dönmələrini başa salanda kömək məqsədilə onlara belə bir fəndi öyrətmək istədim. «Baxın uşaqlar, əgər sekunda aşağıdadırsa, deməli bu akkordun adı dominant sekundakkorddur, ortadadırsa terskvartakkorddur, yuxarıdadırsa kvintsekstakkorddur. Hamıya aydındırsa başlayaq» – deyib fa-diyez, lya, do, re akkordunu vurdum. Cavabında isə müğənnilərdən biri mənə dominant sekundakkord dedi:
– Niyə, ay bala, axı sekunda yuxarıdadır?
– Sizdən yuxarıdadır. Məndən isə aşağıdadır – deyə mənimlə üzbəüz dayanan gənc oğlan cavab verdi.
Bakıxanov Tofiq
«O olmasın, bu olsun» yadıma düşdü
O, mənim atam, mərhum Əhməd Bakıxanovun yetişdirmələrindən biri idi. 1960-ci illərdə Orxanın arzusu idi ki, Üzeyir Hacıbəyov tərəfindən təməl daşını qoyan tar açarını skripka açarı ilə əvəz etsin. Bu məsələyə hər yerdə baxılandan sonra etiraz aldığı cavabı mənə söylədi və məndən kömək gözlədi. Mən isə ona belə məsləhət verdim:
- Orxan, sən bir başa Bakı şəhər İcra Hakimiyyətinin sədri Əliş Cəmil oğlu Ləmbəranskinin yanına getməlisən və o, sənə işdə kömək edə bilər.
O , mənim sözümlə getdi Ə. Ləmbəranskinin yanına. Nər ikisinin ataları həkim olduqları üçün onlar bir-birini tanıyırdılar. Ə.Ləmbəranski ondan soruşandakı onun gəlişi nə ilə əlaqədardır? Orxan deyir ki, açarı dəyişməklə əlaqədar məsələ üçün gəlib. Ona cavab verən Ə.Ləmbəranski soruşur ki, order almısan ki, açarı istəyirsən? Orxan ona cavab olaraq deyir ki, ev açarı yox, tar açarını skripka açarı ilə əvəz etməyi ona icazə versin. Onda Əliş Ləmbəranski deyir ki, bu məsələdə kömək edə bilmərəm. Söhbət elə gətirir ki, onun ev şəraitinin acınacaqlı olduğunu bilir və ona üç otaqlı ev almaq üçün sərəncam verib. Oradan qayıtdıqdan sonra mənimlə görüşüb «allah səni mənim üçün yetirdi»"deyir. Getdim ki, tar açarının dəyişilməsi üçün icazə alım, əvəzində mənə ev açarlarını almağa icazə verdilər…
«O olmasın, bu olsun» yadıma düşdü.
Qızıl balıqların əhvalatı
Keçmişdə Bakıda su məsələsi çətin idi. Həyətlərdə quyular var idi ki, onlardan istifadə olunurdu. İçməyə isə bəzi həyətlərdən vedrəsi 10 qəpiyə su alardılar.
Günlərin bir günü erməni kamança çalan Gombul Seryoja (kamança çalan Oqanazaşvilinin qardaşı) bizə gəlir. Bu vaxt evdə işıqlar sönür. Seryoja içəri girən kimi atama deyir ki, Əhmədxan, bu gün şor balıq yemişəm, mənə camda sərin su verin içim. Atam qonağa hörmət naminə uşaqlardan birini qonşu həyətdən su gətizdirib ki, Seryojaya versin. Seryoja arada yox oldu, keçib o biri otağa və tez qayıtdı. Suyu ona verəndə o, dedi ki, Əhmədxan su içdim, daha lazım deyil. Atam ondan soruşandakı haradan içdin. O dedi ki, otaqdakı balon qabdan. Atam ona dedi ki, ay öküz, evini allah yıxsın. Bir aydan artıq gözlədiyim Buzovnadan gətirilən qızıl balıqların on üçünü necə udmusan ki, hiss etməmisən? Əhməd müəllimin çoxdan arzu etdiyi qızıl balıqları artıq balon qabdakı suyu qarnına boşaldan gombul Seryojanın qarnında üzürdülər. Bu da qızıl balıqların axırı.
Alçağın hündürə nə dəxli vardır
Atam, mərhum Əhməd Bakıxanovun evində Azərbaycan xalq çalğı alətlərindən ibarət kolleksiyası var idi. Günlərin bir günü saz çalanlardan biri müvəqqəti olaraq kolleksiyadan sazı bir neçə günlüyə aparmağı xahiş edir. İş o yerə gəlir ki, nə o adam gəliri, nə də saz. Atam tələbələrindən biri ilə o barədə söz açarkən o adamın alçaq olduğunu bildirir. Tələbə isə o adamın hündür olduğunu öz müəlliminə sübut etməyə çalışarkən ardını tamamlamaq lazımdır.
Artist və yaxud alpinist
Konservatoriyada viola sinfi üzrə dərs keçən bir tələbə müəlliminin dərsinə aylarla gəlmirdi. (Alpinizm ilə məşğul idi) Həmin fakültənin dekanı, professorlardan biri müəllim və tələbələrin iştirakı ilə iclas çağırır. Dekan həmin müəllimdən soruşur ki , həmin tələbə dərsə necə gəlir? Müəllim isə tələbənin dərsə gəldiyini təsdiq edir.Larin tələbə isə yerindən durub, aylarla dərsə gəlmədiyini söyləyir.
Müəllim isə tez cavab verərək, dekana deyir ki, bilmirəm bu tələbə «artistdir yoxsa alpinistdir?!»
İlk tanışlıq
1950-ci illərdə Bakı Musiqi texnikumunda simli alətlər şöbəsinin müdiri vəzifəsində işləyirdim. Qış imtahanlarında ixtisas üzrə yarım il dərsə gəlməyən tələbə öz ixtisas müəllimini üzdən belə tanımırdı. Ondan kimin tələbəsi olduğunu soruşandaki, o müəllimin soyadını dedi.
İmtahan komissiyasında əyləşənləri göstərərək, ondan soruşandakı müəllimini göstərə bilərsənmi? Onda o, başını aşağı saldı, dinmədi. Mən məcbur olaraq tələbəyə müəllimi ilə tanış olmağı təklif etdim və bu «ilk tanışlıq oldu».
Pişik əhvalatı
Atam, mərhum Əhməd Bakıxanovun evinə xalq musiqiçiləri tez-tez yığışardılar. Günlərin bir günü görkəmli tarzən Qurban Pirimov bizə gəlib söylədi ki, Əhməd xan, mənim bir pişiyim var idi, bir də xəbər tutdum ki, pişik yoxa çıxıb. Məhəllədə uşaqlara tapşırdım ki, kim mənim pişiyimi tapsa, ona ona pul mükafatı verəcəyəm. Nə isə, pişik tapılmadı. Bu əhvalatı bilən Qurban dayının sənət dostu Zülfi Adıgözəlov tez Qurban dayıya xəbər çatdırır ki, özünü bizə yetir, bizim qonşuda gözəl pişik var, heç də sənin pişiyindən əksik deyil. Məsləhət bilirəm ki, bu pişiyi evinə aparasan. Qurban dayı gedib pişiyə baxan kimi, deyir ki, bu pişiyi mən evə aparım? Düşmənimi evə aparıb yemək verim. Bunu edə bilmərəm. Ona görə ki, bir bu pişiyin sifətinə bax, onda bilərsən ki, mənim düşmənlərimdən biri olan tar çalan var ha, lap ona oxşayır!
Heç vaxt sənin dalınca danışmıram ki…
Bakı musiqi məktəblərinin birində məktəbin müdiri Ələsgər müəllim, tar sinfi üzrə Orxan müəllimin işə 5 dəqiqə də olsa gecikəcəyini bildırdi. Neçə dəfə ona ultimatum verərək demişdi ki, mənim dalımca az danış. Orxan müəllim də cavab olaraq deyirdi ki, mən sənin dalınca heç vaxt danışmamışam və danışmaram. Sentyabrın 1-də, dərs günü Ələsgər müəllim Orxanın 5 dəqiqə gecikdiyini əvvəldən bilərək ona töhmət əmri hazırlayıb divardan asmışdı. İşi belə görən Orxan müəllim müdir Ələsgər müəllimlə söyüşməyə başlayır. Bu hadisədən bir neçə ay keçəndən sonra, mən Bakı Musiqi texnikumunda dərs keçən vaxtda Ələsgər müəllim bizim texnikumda işlədiyi gün olduğu üçün mənim sinfimə gəlib dedi ki, Orxan buralarda gəzişir. Bilirəm ki, harada olsa, sənin yanına gələcək. Bir xahişim var. Mən girib royalın altında gizlənəcəyəm. Orxan sinfə daxil olanda ona bircə sual verərsən deyə xahiş etdi.
Ələsgər müəllim gizlənən kimi Orxan müəllim içəri girdi və mənimlə hal-əhval tutdu. Mən isə ona sual verdim: «Orxan müəllim, Ələsgərlə aran necədir?»
Orxan tez cavab verib dedi ki, vay onun atasına lənət. Bircə müdirlikdən çıxartsaydılar canımız asudə olardı. Ələsgər bu sözlərə dözməyib başını royalın dalından çıxarıb, ona deyir: «Pah atonna, yenə məndən danışırsan. Bu daldan danışmaq deyil, bəs nədir?!
* * *
Bakı Musiqi Akademiyasınnın qəbul imtahanında tələbələrdən birinə sual verilir ki, «İvan Susanin» operasının müəllifi kimdir? Əlbəttə, cavabda çətinlik çəkən tələbəyə kömək etmək məqsədi ilə müəllifi M.Qlinka olduğunu yerdən deyirlər. Buna əlavə olaraq tələbə d hətta Qlinka bu operaya görə Lenin mükafatı laureatı adına layiq görüldüyünü də söyləyir.
* * *
Azərbaycan Dövlət Konservatoriyasını bitirən tələbələrdən birinə Marksizm-Leninizmdən imtahan verərkən ona sual verilir ki, «Kapital» əsərini kim yazmışdır? Tələbənin pəltək olduğunu bilməyən imtahan sədri bircə onu eşidir: «Ma-ma-ma-ma…» Sədrin hövsələsi çatmır və tələbəyə deyir ki, keç, yerində otur. Axır ki, tələbə uzun-uzadı ma-ma-ma-ma-nın son nöqtəsi olan «rks» hərflərini oturduğu yerdə deməyə nail olur. Bununla da məlum olur ki, «Kapital» əsərinin müəllifi Marks imiş.
* * *
Konservatoriyanı bitirən tələbələrdən biri Marksizm-Leninizmdən imtahan verərəkən ondan soruşurlar ki, İtaliya kommunist partiyasının katibi kimdir. Tələbə sualın cavabını bilməyərək yoldaşlarından kömək gözləyir. İmtahan komissiyasının üzvlərindən komsomol komitəsinin katibi Tələt Şahverdiyev də imtahan keçirilən otaqda olur. Yoldaşları həmin tələbəyə Tələti işarə edirlər ki onun yanına düşsün. Həmin tələbə yoldaşları işarə etdiyi yerə baxır və üzünü imtahan komissiyasının üzvlərinə tutub deyir ki, İtaliya kommunist partiyasının katibi Tələt Şahverdiyevdir. Müəllimlər tələbənin Tolyatti ilə Tələti bir balaca qarışıq saldığını zənn edib bir az gülüşür və imtahan zalını tərk edirlər.
Fərəcov Sərdar
... Sәrdar Fәrәcovdan üç kәlmә...
15 il әrziyndә Ü.Hacıbәyovun ev muzeyindә çalışdığım müddәt, çox adamlar görüb söhbәt etmişәm vә Üzeyir bәy haqda, onun yaşadığı dövr, mühit, yaxınları, dostları haqda bir çox әhvalatlar eşitmişәm. Xüsusilә, Ramazan Xәlilovdan eşitdiyim әhvalatlar daha çox yadda qalıb. Belә әhvalatların bә'zilәrini qәlәmә almışam ki, yaddan çıxmasın. Onlardan bir neçәsini ilk dәfә çapa tәqdim edirәm...
20.05.1999 il.
* * *
I. ...Zülfüqar Hacıbәyov cavanlıqda çox kefcil olub. İçkini, kef mәclislәrini çox xoşlardı... Üzeyir Hacıbәyov "Azәrbaycan" qәzetindә işlәdiyi vaxt /1919-1920/ bir gün redaksiyanın yaxınlığında yerlәşәn restorana /indiki S.Vurğun vә Nizami küçәsinin kәsişdiyi bina/ nahar etmәyә düşür. Elә yenicә nahara başlayir ki, bir dә görür qardaşı Zülfüqar bәylә jurnalist, köhnә qәzet işçisi olan Mәmmәdәli Sidqi girdilәr içәri, hәm dә bir balaca keflidirlәr.
әylәşirlәr, yemәk-içmәk sifariş edirlәr. Üzeyir bәy görür ki, qardaşı getdikcә lap keflәnir, işi olduğunu bәhanә edәrәk restorandan çıxır.
Aradan 1-2 gün keçdikdәn sonra tәsadüfәn Üzeyir bәylә Mәmmәdәli Sidqi küçәdә rastlaşır. Üzeyir bәy: - Mәmmәdәli, o gün әhvalat nә ilә qurtardı? - deyә soruşur. Cavabında Mәmmәdәli:
-Əşşi, yaxşıca kef edirdik, amma onda ki, Zülfüqar bәy tapançanı çıxarıb, güllә ilә restoranın işıqlarını söndürmәyә başladı, mәn dәxi durmayıb qaçdım. Sonrası nә ilә qurtardı onu bilmәdim - deyә cavab verir...
II ...Bir gün Üzeyir bәy bir neçә nәfәrlә ayaqüstü söhbәt edirmiş. Bu zaman bir nazәnin xanım onların yanından ötüb keçir. Üzeyir bәyin gedәn xanımın ardınca zәndlә baxdığını hiss edәn hәmsöhbәtlәrindәn biri:
-Bu nәdir, Üzeyir bәy? Özün Mәşәdi İbadı lağa qoyursan, amma indi gedәn xanımdan gözünü çәkә bilmirsәn - deyә zarafat etmәk istәyir.
Üzeyir bәy dә zarafatından qalmır:
-Düz deyirsәn, әgәr haqq dünyası varsa isә Mәşәdi İbad orada mәnim atamı yandıracaq.
* * *
Yaxın dostlarından biri Üzeyir bәydәn soruşur:
-Üzeyir bәy, axı niyә sәn Mәşәdi İbadı belә rüsvay etdin? 50 yaşlı kişi üçün cavan qıza evlәnmәk hәvәsi tәbii bir şeydir...
Üzeyir bәy gülümsәyib deyir:
..."Mәşәdi İbadı" yazan vaxtı mәn cavan idim. 25 yaşım vardı vә 50 yaş mәnә çox qoca görünürdü. Amma indi özün 60-ı haqlamışam vә başa düşürәm ki, kişini çox nahaq incitmişәm.
* * *
...Müharibә(II cahan)illәri idi. Opera teatrının solistlәri dә bütün xalq kimi әrzaq sarıdan korluq çәkirdilәr. Bir gün "Koroğlu" rolunu rusca ifa edәn Azәrbaycan SSR xalq artisti A.A.Drozdovun sәhnәdә taqәtsiz olduğunu hiss edәn Üzeyir Hacıbәyov onu yanına çağırtdırır vә zәifliyinin sәbәbini soruşur. Cavabında A.Drozdov ac olduğunu vә bütün günü heç nә yemәdiyini söylәyir.
Bu sözlәrdәn sarsılan Üzeyir bәy Mircәfәr Bağırovun qәbuluna gedir, әhvalatı söylәyib artistlәr üçün I kateqoriya әrzaq tәchizatı tәlәb edir. Üzeyir bәyә hәmişә hörmәt edәn vә onun fikrilә razılaşan M.C.Bağırov bu haqda tezliklә sәrәncam verir.
Bu әhvalatdan bir qәdәr sonra Üzeyir bәy opera teatrının digәr solisti - Yaqub Rzayevә rast gәlir. Boğazını şәrflә sarımış vә yazıq görkәm almış Yaqubdan Üzeyir bәy soruşur ki, nә var, nә olub?
-Üzeyir bәy, vallah demәyә utanıram, amma deyәsәn sәsim batır... Hәkimә dә getmişdim. Dedi ki, sәn gәrәk çoxlu yumurta içәsәn, yoxsa sәsin lap batacaq. Amma yumurtanı hardan tapım, çörәyi güclә tapırıq...
Yaqubun sözlәrindә sadәlövh hiylә olduğunu hiss elәyәn Üzeyir bәy gülümsәyib deyir:
-Yaqub, xәtrinә yumurta düşüb, başqa mәsәlә... bir tәhәr taparıq sәninçün. Amma sәsin batmağı, açılmağı yumurta ilә olsaydı, onda gәrәk toyuğun gerisi "Şahnaz" oxusun...
Rzayev Azər
Nə fərqi var?!
Bir dəfə Moskva Bəstəkarlar İttifaqından Bakıya qonaqlar qəlmişdilər. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Q. Qarayev idarə heyəti üzvləri ilə qonaqların görüşünü təşkil etmişdi.
Bəstəkarlar İttifaqında olan bu görüş zamanı, Q. Qarayev qonaqlara belə bir sualla müraciət edir:
–« Deyə bilərsinizmi, Bakıda sizin ən çox xoşunuza gələn nə oldu?» Qonaqlardan biri musiqişünas olan qadın dedi ki:
–« Bizim ən çox xoşumuza gələn o oldu ki, küçə ilə gedərkən hamının rusca danışdığının şahidi olduq. Bunu biz heç bir respublikada görməmişdik» .
Bu anda bizim Bəstəkarlar ittifaqının partiya komitəsinin katibi, bəstəkar İsmayıl Quliyev onlara deyiri:
– Это наша старая трагедия!
Biz hamımız, özümüzü itirmiş halda bir-birimizin üzünə baxa-baxa qalsaq da.
Q. Qarayev bu pauzanı pozaraqi:
– «Вы извините, пожалуйста, он плохо владеет русским языком. Он хотел сказать, что это наша старая традиция!»cavabını
Bu an T. Quliyevin səsi eşidilir:
– А какой разница!
* * *
Opera teatrında 40-cı illərdə «Qız qalası» baletinin məşqi gedirdi. Orkestrə dirijorluğu müəllif - Əfrasiyab Bədəlbəyli edirdi. Orkestrin ifaçıları əsasən ruslar, yəhudilər idilər. Ona görə də Ə. Bədəlbəylinin musiqisini çox quru, xırdalıqlarsız çalırdılar. Dirijor nə qədər çalışırdısa başa salsın, ifaçılar təəccüblü halda ona baxıb anlamadıqlarını e’tiraf edirdilər. Onda Ə. Bədəlbəyli özünə məxsus çox ciddi, yalnız yumoristik halda dedi ki:
– Друзья, вы поймите, что если взять русские котлеты и посыпать сумахом, это ни есть «люля кебаб»deyir!
Yumor anları
1954-cü il idi. May ayının 7-də mənim anam Həqiqət Rzayeva Qurban dayıya (Qurban Pirimova) zəng edib dedyir ki: –« Qurban dayı, sabah, ayın 8-də saat 6-da bizə gələrsən. Səni evimizin ən yaxın adamlarından biri kimi, oğlum Azərin toy məclisinə dəvət edirəm.
Həmin məclisə Bülbül, Mirzə İbrahimov, Süleyman Rüstəm və başqa bir çox bizə yaxın olanlar də’vət olunublar.
Onun sabahı günü isə bizə gənclər-Azərin yaxın dostları yığışacaq. Səni evimizin, ailəmizin yaxın adamı kimi də’vət edirik. Özü də tarsız! Ancaq sən özün gəl!»
Sabahı günü saat 6-da qapımızın zəngi calındı.
Mən qapını açıb anamı çağırdım və Qurban dayının gəldiyini dedim. Anam Qurban dayını qarşılarkən, Qurban dayının qoltuğundakı tarı görür və deyir.
«A kişi! Sənə dedim ki, evimizin yaxını kimi də'vət olunmusan. Bu tar nədir? Niyə özünlə tarı da gətirmisən. Axı mən dedim ki, tarsız gələrsən».
Qurban dayı cavabında başını aşağı salib, yavaş səslə : –« Həqiqət! Məni tarla tanıyırlar. Tarım olmasa, heç kəs məni tanımaz» deyir.
* * *
1950-ci ildə Moskvada SSRİ ali incəsənət məktəblərinin basketbol üzrə birinciliyi keçirilirdi. Bizim Konservatoriya komandamız da həmin yarışda iştirak edirdi.
İlk görüşümüz Leninqradın Repin adına rəssamlıq Akademiyasının komandası ilə oldu.
Radio vasitəsilə diktorun səsi eşidildi:
– Meydançaya Leninqrad rəssamlıq Akademiyasının və Bakının (bir qədər pauzadan sonra) konserv zavodunun komandaları də’vət olunurlar.
Tamaşaçılar arasında bərk gülüşmə düşdü.
Biz meydancaya daxil olduqda, radio bir daha səsləndi: – meydancada Bakı Dövlət Konservatoriyasının komandasıdır.
* * *
Yumoru sevən, gözəl bir insan olan Səid Rüstəmovla çox vaxt ikilikdə şöhbət edər və bir-birimizə gülməli məqamlardan danışardıq.
Bir dəfə o, mənə dedi ki, sənə bir əhvalat danışacağam, gülməkdən ürəyin gedəcək.
Mən də çox diqqətlə ona qulaq asmağa başladım.
– Gecə evə gec gəlmişdim. Saat 12 olardı. Hiss etdim ki, acından ölürəm. Həkimlər də mənə deyiblər ki, axşamlar, xususilə gecələr heç nə yeməyim.
Oturub qəzet oxuyurdum, gördüm ki, xolodilnik səs eliyib deyir:
– D... r... r... r... məndə qətlet var!! ...D... r... r... r... məndə qətlet var!!!
Bu səs get-gedə bərkiyirdi. Axırı tab gətirə bilmədim. Yavaşca gəlib xolodilnikin qapısını açdım, iki qətlet götürüb – bir parça çörək, üstünə bir qətlet, üstünə daha bir parça çörək, üstünə bir qətlet və nəhayət üstünə bir parça çörək qoyub ehmalca, girdim yorğan - döşəyə, başımı da örtdüm ki, heç kəs görməsin. Tez-ssstez bu buterbrodu yeyib üstümü açdım. Razı halda ətrafa göz gəzdirdim. Birdən yadıma düşdü ki, axı evdə heç kəs yox idi, mən kimdən gizlənirdim?!
* * *
Bizim bəstəkarlıq üzrə müəllimimiz, professor Boris Zeydman, baməzə söhbətləri çox xoşlardı. Özü də həmişə baməzə, gülməli söhbətlər danışardı.
Konservatoriyanın sonuncu kursunda olanda, qardaşım Həsən Rzayevin diplom işi «Babək» simfoniyası idi. Müəllimin dərsinə də həmişə birlikdə gələrdik. Hər ikimiz diplom əsərimizi bitirəndə, Boris İsaakoviç qardasıma qayıtdı ki: – Qasançik! Ну что, симфонию закончил, что теперь надо?
Həsən dedi ki: – Я не знаю, а что тебе надо?
Onda müəllim Həsənə dedi ki:
– Эх ты, какой же ты не догадливый. Ты закончил симфонию «Бабек». А то что теперь, надо, я тебе объясню. Название своей симфонии читай наоборот. Что получится – «Кебаб»! Все ясно!!!