Ələsgərli Kəmalə Veyis qızı
Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 07.02.1977
Təhsili: 1998-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının musiqişünaslıq ixtisası üzrə tarix-nəzəriyyə fakültəsini (bakalavr diplomu, fərqlənmə), 2000-ci ildə musiqişünaslıq və bəstəkarlıq (professor Xəyyam Mirzəzadənin sinfi) ixtisası üzrə (magistr diplomu, fərqlənmə) bitirmişdir.
1994-cü ildə Gənc musiqişünasların Üzeyir Hacıbəyli adına I Respublika müsabiqəsində Tərifnamə və təqaüd; “Qönçə - 2002” VI Uşaq Musiqi Festivalında Fəxri Fərman; 2003-cü ildə “İlin ən yaxşı Simfonik musiqisi” nominasiyası üzrə Fəxri Fərman; 2004-cü ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin yaradıcı və istedadlı gənclər üçün təsis etdiyi “Gənclər mükafatı”na layiq görülüb.
Pedaqoji fəaliyyəti: Hal-hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının dosentidir. 2010-cu ildən musiqişünasların diplom və buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edir.
Elmi fəaliyyəti: 2007-ci ildə “Rəhilə Həsənovanın əsərlərində üslub xüsusiyyətləri” (70 - 90-cı illər Azərbaycan musiqisi kontekstində) adlı dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb.
2018-ci ildə “Müasir Azərbaycan musiqisi kontekstində Xəyyam Mirzəzadə yaradıcılığının üslub təkamülü” adlı dissertasiya müdafiə edərək, sənətşünaslıq üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülüb.
Çoxsaylı Beynəlxalq konfrans və simpoziumların mütəmadi iştirakçısıdır. Müxtəlif toplularda, yerli və xarici mətbuatda azərbaycan, rus, türk, ingilis dillərində 60-dan artıq elmi-analitik tezis və məqalələri nəşr olunub.
Tədris ədəbiyyatı: Fortepiano üçün variasiyalar; Fleyta və fortepiano üçün sonata ; Səs və fortepiano üçün romanslar; Simli kvartet; Skripka və Simfonik orkestr üçün konsert; Fortepiano üçün Sonata ; Fortepiano və Simfonik orkestr üçün Konsert.
2009-cu ildə “Rəhilə Həsənovanın musiqi dünyası” adlı ilk monoqrafiyasını nəşr etdirmişdir (Bakı, “Təknur”, 230 s).
Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadəyə həsr olunmuş iki cilddən ibarət “Xəyyam Mirzəzadə: fikirlər, düşüncələr, məqalələr” (Bakı, “Nurlan”, 2011, 269 s.) və “Xəyyam Mirzəzadə barəsində yazılar, fikirlər, məqalələr, düşüncələr” adlı kitabların (Bakı, “Nurlan”, 2011, 389 s.) müəllifidir.
2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xəyyam Mirzəzadənin kamera-instrumental, simfonik və səhnə əsərlərindən ibarət altı kompakt diskinin (azərbaycan və ingilis dilində ön sözün müəllifi) təqdimat mərasimi keçirilmişdir.
2014-cü ildə Azərbaycan Elm və Mədəniyyət xadimləri: Bəstəkar Xəyyam Hadi oğlu Mirzəzadənin biblioqrafiyası çapdan çıxmışdır (Bakı, “Afpoliqraf”, 2014, 271 s.).
Xəyyam Mirzəzadə haqqında ilk monoqrafiyanın müəllifidir (Bakı, “Xəzər Universiteti”, 2016, 384 s.)