• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Hüseynova Könül Qabil qızı

    Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh.

    Təhsil: 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fərqlənmə attestatı ilə bitirib. Təhsildəki uğurlarına görə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Fəxri fərmanı” ilə təltif olunub. 1998-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano şöbəsinə daxil olaraq professor Y.Sabayevin sinfində təhsil alıb. 2002-ci ildə həmin təhsil ocağının bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. Təhsil illərində Niyazi adına təqaüdə layiq görülüb. 2004-cü ildə daxil olduğu Bakı Musiqi Akademiyasının əyani aspiranturasında bütün minimumları əla qiymətlərlə tamamlayaraq vaxtından əvvəl dissertasiya işini müdafiəyə təqdim etmiş, 2008-ci ilin may ayında “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fərhad Bədəlbəyli yaradıcılığının yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müvəf­fəqiyyətlə müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

    2008-ci ildə Bakı Musiqi Akademiyasının assistent stajorluq pilləsini də fərqlənmə ilə bitirmişdir.

    Pedaqoji fəaliyyəti:

    2004-cü ildən Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasında müəllim, 2008-ci ildə baş müəllim, 2010-cu ildən dosent, 2021-ci ildən isə professor vəzifəsində çalışır.

    2010-cu ildən həmçinin 1 saylı "İxtisas fortepiano" kafedrasında da fəaliyyət göstərir.

    Elmi və ifaçılıq fəaliyyəti:

     K.Hüseynova, həmçinin 22 ç.v. həcmində "Musiqimizin Fərhadı" adlı monoqrafiyanın, "R.Şumanın "Şairin məhəbbəti" vokal silsiləsinin ifaçılıq xüsusiyyətləri" adlı dərs vəsaitinin,   professor Y.Sabayevin metodikası,  “R.Şumanın “Simfonik etüdlər” silsiləsinin ifaçılıq xüsusiyyətləri” və s. mövzuları əhatə edən elmi əsərlərin müəllifidir  və o,  hazırda yeni elmi tədqiqat mövzuları, həmçinin doktorluq dissertasiyası üzərində işlərini davam etdirir.  30 elmi məqalənin və 2 metodik vəsaitin müəllifidir.

    2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş “Elmi məqalələr müsabiqəsi”ndə diploma layiq görülmüşdür. Onun “Musiqimizin Fərhadı” adlı monoqrafiyası 2008-ci ildə Kitab Nominasiyası üzrə “Humay” Milli Mükafatına layiq görülmüşdür. Fərhad Bədəlbəyli yaradıcılığının bütün sahələrini əks etdirən, 2011-ci ilin 23 fevral tarixində təqdimatı keçirilmiş elmi saytın müəllifidir. O, həmçinin əməkdar incəsənət xadimi, professor Nailə İbrahimovanın həyat və yaradıcılığını əks etdirən kitabın və bu mövzuda çəkilmiş “Qəlbimizdə yaşayan insan” sənədli filminin ssenari müəllifi olaraq səsləndirilməsini də həyata keçirmişdir. 

    R.Şumanın “Şairin məhəbbəti” vokal silsiləsi (2013) və R.Leonkovallonun "Məzhəkəçilər" operası (2015), Ş.Qunonun “Faust” operasından səhnələr (2018)  layihələrini tələbələri ilə birlikdə uğurla təqdim etmişdir. K.Hüseynovanın tələbələri Beynəlxalq və Resbublika müsabiqələrinin laureatlarıdırlar.

    K.Hüseynova son zamanlarda vətənpərvərlik mövzusunda ciddi bəstəkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Onun 2020-ci ilin noyabr ayında şəhidlərimizə və müzəffər ordumuzun erməni işğalçıları üzərində qazandığımız qələbəmizə həsr edilmiş, söz və musiqisinin özünə məxsus olduğu, Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərovun ifasında “Yenilməzsən Azərbaycan” musiqili layihəsi təqdim olunmuşdur. Bunlardan əlavə “Şəhidlik zirvəsində”(söz. Xalq şairi Vahid Əziz), “Şuşam mənim” (söz. Xalq şairi Vahid Əziz), ”Murov qartalı” ( söz. Könül Hüseynova)  “Zəfər”(söz. Ramiz abdullayev) mahnıları  da məşhur ifaçılar tərəfindən ifa olunur.

    Fəxri adlar- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 sentybr 2021-ci il tarixli sərəncamına əsasən “TƏRƏQQİ” medalı ilə təltif edilmişdir.