• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Quliyev Ramiz Əyyub oğlu

     

    Doğum yeri və tarixi: Azərbaycan Respublikasının Ağdam şəh.,30.04.1947

    Təhsil: 1954-cü ildən etibarən Ağdam şəhər 5 №-li orta məktəbində və eyni vaxtda 7-illik musiqi məktəbində təhsil almağa başlamış, 1960-cı ildə musiqi məktəbini bitirərək, həmin ildə də Ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olmuş, 1963-64-cü tədris ilində orta məktəbi, həm də orta ixtisas musiqi məktəbini bitirmişdir.1964-cü ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1969-cu ildə isə oranı tar və dirijorluq ixtisasları üzrə bitirmişdir.

    Pedaqoji və Elmi fəaliyyəti: Ağdam musiqi məktəbində oxuyarkən, R.Quliyev rayon mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Şur" xalq çalğı alətləri ansamblının tərkibində Azərbaycanın rayon və şəhərlərində verilən konsertlərdə, bir çox müsabiqə və festivallarda – 1957-ci ildə Bakıda keçirilən Respublika musiqi kollektivləri arasında Festivalda iştirak edərək (Azərbaycan Dram teatrı, Münsiflər heyətinin sədrləri – Əfrasiyab Bədəlbəyli və Səid Rüstəmov) musiqi məktəb tələbələri arasında Bakıda keçirilən yekun müsabiqənin iştirakçıları sırasında I yer qazanıb. 1961-ci ildə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində", müxtəlif səviyyəli hökümət tədbirlərində fəal iştirak etmiş, medal və fəxri fərmanla təltif olunmuşdur. Bu illər ərzində o, rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Ə.Haqverdiyev adına Ağdam Dövlət dram teatrında musiqi hissə müdiri vəzifələrində çalışmışdır.
    R.Quliyev Ağdam 1 saylı (1963-64), Bakıda isə 1 və 20 saylı musiqi məktəblərində (1965-74), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim (1974), baş müəllim (1977), dosent (1983), professor (1990) kimi pedaqoji fəaliyyət göstərərək, 1990-2002-ci illər ərzində həmin kafedraya rəhbərlik etmişdir.
    1974-cü il onun həyatında əlamətdar olmuşdur. Belə ki, həmin ilin iyun ayında musiqiçilərin Zaqafqaziya festivalında ona birinci mükafata, oktyabr ayında isə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində laureat adına layiq görülmüşdür.
    Hal-hazırda Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, tarın virtuoz ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Ramiz Quliyevin yaradıcılığı ilə tanış olmasın. O, görkəmli ifaçı kimi, Filarmoniyada, Konservatoriyada, radio və televiziyada, respublika zəhmətkeşləri qarşısında fəal solo konsertləri verir. Onun xarici ölkələrə qastrolları da həmişə uğurla keçərək, böyük rezonans doğurmuşdur. R.Quliyevin tarı Türkiyə, Əfqanıstan, Qvineya-Bisau, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və dünyanın digər ölkələrində heyranlıqla qarşılanmış, harada konsert vermişsə, həmişə müvəffəqiyyət qazanmışdır. 1987-ci ildə Səmərqənddə keçirilən III Beynəlxalq musiqişünaslıq simpoziumunda R.Quliyev Sadıqcan adına muğam üçlüyünün rəhbəri və solisti kimi böyük müvəffəqiyyətlə çıxış etmişdir. Simpoziumun, Səmərqəndin Opera və balet teatrında keçirilən simfonik musiqi gecəsində o, Özbəkistan Dövlət simfonik orkestrinin müşayiətilə (dirijor: V.Həqnəzərov) Azərbaycan bəstəkarlanın tar ilə orkestr üçün yazılmış əsərlərini ifa etmişdir.1978-ci ildə Ukraynada, 1980-ci ildə Özbəkistanda və 1981-ci ildə Tümendə keçirilən Azərbaycan Mədəniyyəti və incəsənəti günlərində iştirak etmişdir.1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalındakı uğurlu çıxışından sonra o, yüksək ifaçılıq məharətinə görə komitə rəhbərliyinin xüsusi diplomuna layiq görülmüşdür. 1989-cu ildə isə R.Quliyev ənənəvi "Böyük ipək yolu" festivalına dəvət olunaraq, 40 gün ərzində Yaponiyanın 30-dan artıq şəhərlərində konsertlər vermişdir.
    1997-ci ildə dünya şöhrətli musiqiçi M.LRostropoviç Ramiz Quliyev və oğlu Əyyub Quliyevlə birlikdə ifalarını yüksək qiymətləndirərək,onları aprel ayında Bakıda, may ayında isə Moskvada keçirilən 70-illik yubileyində çıxış etmək üçün dəvət etmişdir.Həmçinin, R.Quliyev görkəmli müğənni M.Maqornayevin şəxsi dəvətilə Bakıda və Moskvada keçirilən 55-illik yubiley konsertlərində müvəffəqiyyətlə çıxış etmişdir. 1997-ci ildə bəstəkar T.Quliyevin 80-illik yubileyi və 1998-ci ilin aprel və may aylarında Londonda keçirilən Azərbaycan mədəiyyəti günlərində müvəffəqiyyətlə çıxış etmişdir. 1997-ci ilin dekabrında İsrailin Yerusalim şəhərində Beynəlxalq Şərq musiqisi festivalında öz çıxışları ilə fərqlənmiş və orada yaratdığı "Şərq alətləri orkestri"ni nümayiş etdirmişdir.
    1999-cu ildə İsveçrədə keçirilən Beynəlxalq "Lütsern musiqi festivalı"nda Bern şəhərinin "La strimpellata" orkestri ilə uğurlu çıxışlar etmişdir.2002-ci ilin avqust ayında Norveçin Stavanger şəhərində, 2003-cü ilin oktyabr ayında isə R.Quliyev Norveçin Trondxaym simfonik orkestrilə birgə Bergen şəhərində konsertlər vermişdir.
    .R.Quiyev dünyaşöhrətli Niyazi, S.Rüstəmov, R.Abdullayev, N.Rzayev, R.Məlik-Aslanov, R.Kərimov, Y.Adıgözəlov, Ə.Quliyev, Y.İmanov, N.Əzimov, T.Cöyçayev, A.Əliyev, A.Paşayev (Azərbaycan), N.Nekrasov, A.Mixaylov, V.Andropov (Rusiya), Daniel Klayner (Almaniya), Georgiy Mustu (Rumıniya), V. Həqnəzərov (Özbəkistan), F.Fəxrəddini (İran) və digər dirijorların rəhbərlik etdikləri orkestrlərin müşayiətilə Azərbaycan və dünya klassiklərinin əsərlərini ifa etmiş və lentə yazdırmışdır.
    1993-cü ildə sənət uğuriarına görə "Humay" Beynəlxalq Milli mükafatına layiq görülmüşdür. 2001-ci ilin sənət uğurlarına görə "Simurq milli mükafat fondu"nun təsis etdiyi “XXI əsrin ilk laureatları” ali dərəcəli mükafatı, "İlin fədakar sənətçisi" fəxri adı, 2004-cü ilin sənət uğurlarına görə “Simurq” Milli Mükafat Fondunun təsis etdiyi “Sənət Fədaisi” mükafatina layiq görülmüşdür. 2009-cu ildə Rusiyanın Kalininqrad şəhərində baş tutan XXIV Beynəlxalq “Kəhrəba boyunbağı” (“Yantarnoe ojerelye”) Festivalının Xüsusi diplomu, 2006, 2010, 2014-cü illərdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən “Fəcr Beynəlxalq Musiqi Festivalı”nda “Qızıl Çəng” mükafatı, 2017-ci ildə isə Kanadanın Toronto şəhərində keçirilən nüfuzlu “Tirqan” Beynəlxalq İncəsənət festivalının ən yüksək mükafatı olan “Araş”la təltif olunmuşdur.
    R.Quliyev respublikada keçirilən bir çox müsabiqə və festivallarda münsiflər heyətinin sədri kimi fəaliyyət göstərmişdir.1980-82-86, 1992-94-cü illərdə musiqi məktəbləri arasında xalq çalğı alətləri üzrə keçirilən Respublika müsabiqələrinin təşkilində iştirak etmiş və münsiflər heyətinin sədri olmuşdur. 1986-cı ildə Bakıda keçirilən Orta Asiya və Qafqaz Respublikaları arasında müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin üzvü kimi iştirak etmişdir. 1997-ci ildə isə bilavasitə onun təşəbbüsü ilə tarzən Mirzə Sadıq Əsəd oğlunun anadan olmasının 150-liyinə həsr olunmuş xalq çalğı alətləri ifaçılarının Respublika müsabiqəsi keçirilmiş və Ramiz Quliyev həmin müsabiqənin münsiflər heyətinin sədri və təşkilat komitəsinin üzvü olmuşdur.
    M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olmuşdur (1964-94) .O, Respublika Lenin komsomolu mükafatı laureatı (1978), musiqi ifaçılığı sənətinin inkişafındakı böyük xidmətlərinə görə əməkdar artist (1982), xalq artisti (1988) fəxri adları ilə təltif edilmişdir.
    Görkəmli tarzən yorulmaz ifaçılıq fəaliyyəti ilə yanaşı, pedaqoji sahəyə də çoxlu güc və qüvvə sərf edir. Artıq bir çox illərdir ki, Respublikanın xalq artisti, professor R.Quliyev gənc ifaçı və müəllimlərin böyük bir ordusunu yetişdirməklə, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında öz pedaqoji fəaliyyətini davam etdirir. Onun xarici və Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işləyib, köçürdüyü bir çox, olduqca dəyərli əsərləri çapdan çıxmışdir. R.Quliyev bir sıra dərsliklərin, proqramların, elmi məqalələrin və metodiki tövsiyələrin müəllifidir. 50 ildən artıq bir müddətdə onun sinfini bitirmiş tələbələr Azərbaycanın ali və orta ixtisas tədris müəssisələrində, orkestr və ansambllarda, eləcə də xarici ölkələrdə fəaliyyətlərini davam etdirir, ölkənin yüksək fəxri adları və elmi dərəcələri ilə təltif olunmuşlar.
    R.Quliyev Vyana Kamera Orkestri, Vyana “Konsilium”, Fransanın “Lamürö” orkestri, Podlaziya Opera və Filarmonik orkestri, Koşalin və Lublin şəhərlərinin Filarmonik orkestrləri (Polşa), Rusiya Dövlət Akademik rus xalq çalğı alətləri və estrada simfonik orkestrləri, N.Osipov adına Rusiya Dövlət Akademik Milli Orkestri, İran İslam Respublikasının Dövlət Milli orkestri, İsveçrənin “La strimpellata” orkestri, Türkiyə Milli Musiqi Orkestri (Ankara), Kiyev Dövlət Opera Teatrı, Moldova Dövlət Filarmonik və Dövlət Teleradio Simfonik orkestrləri, Belarus Dövlət Akademik simfonik orkestri, Novosibirsk və Kalininqrad şəhərlərinin filarmonik orkestrləri, Özbəkistan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət simfonik, kamera orkestrləri və digər kollektivlərlə konsertlər vermişdir.
    Türkiyənin İzmir şəhərinin ''Ege Universitetində (1994), İsrailin Yerusəlim şəhərində (1997) və İranda, Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində (2002) ustad dərsləri vermiş, geniş konsert proqramı ilə çixişlar etmişdir.
    Dünyanin 30-dan artıq ölkəsində, həmçinin Azərbaycanda, R. Quliyevin ifasinda muğamlar, xalq musiqisi nümunələri, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri müxtəlif orkestrlərin müşayiətilə lentə alınaraq, DVD, VCD, videokasset, kompakt-disk və audio kasset formasinda, kütləvi tirajla çap olunaraq, nümayiş etdirilir.
    R. Quliyev 1981 və 1984-cü ilərdə XVIII və XIX çağırış Nəsimi rayon Xalq Deputatları Sovetinə seçilmisdir.Professor Ramiz Quliyevin ictimai fəaliyyəti öz əksini təşəbbüsçüsü və yaradıcısı olduğu Azərbaycan Milli Mədəniyyət Cəmiyyətində, eləcə də ölkəmizin mədəni, kütləvi tədbirlərində tapmışdır.
    “İncəsənət xadimləri ücün Azərbaycan Respublikasi Prezidentinin mükafatinin təsis edilməsi haqqinda” Azərbaycan Respublikasi Prezidentinin 8 may 2002-ci il tarixli fərmanına uyğun olaraq, uğurlu səhnə fəaliyyətinə görə Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikasi Prezidentinin mükafatı, 2004-cü ildən isə ömürlük Prezident təqaüdü ilə təltif olunmuşdur. 2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ramiz Quliyev musiqi sənətinin inkişafındakı xidmətlərinə görə ölkənin ən yüksək mükafatı “Şöhrət Ordeni”, 2014-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı və 2017-ci ildə isə “Şərəf” ordeninə layiq görülmüşdür.

     

     

    Laboratoriyasının elmi işçiləri