• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Ü.Hacıbəylinin virtual muzeyi

    Azərbaycan xalq musiqisinin əsaslari

     

    Azərbaycan xalq musiqisinin əsaslari

    Azərbaycanda musiqi quruculuğunun banisi, dahi bəstəkar, görkəmli musiqi xadimi, publisist, dramaturq, maarifçi, müəllim, alim Üzeyir Hacıbəylinin qələminə məxsus «Azərbaycan xalq musiqisinin əsasları» kitabı klassik ensiklopedik traktatlara əsaslanan nadir elmi tədqiqat əsəri olub, XX əsrin musiqili-ədəbi abidəsi kimi qiymətlidir.

    Müəllif ilk dəfə olaraq, öz elmi tədqiqatında Şərq və Qərbin çoxəsrlik musiqi nəzəri fikir təcrübəsinə istinad edərək, Azərbaycan xalq musiqisinin lad sisteminin təsnifatını vermişdir.


    Ü.Hacıbəylinin misilsiz xidməti ondan ibarətdir ki, Azərbaycan musiqisinin yazılışı zamanı o, qərbi-avropanın bərabər temperasiyalı notasiyasından istifadə edərək, mahiyyət etibarilə:

    a) ənənəvi folklor nümunələrinin – muğamların, xalq mahnılarının, rəqslərin və s. qorunub saxlanmasına;

    b) yeni professional musiqi janrlarının – opera, balet, simfonik muğamlar, kamera əsərlərinin yaranmasına;

    c) Azərbaycan musiqi elminin – etnomusiqişünaslığın formalaşmasına;

    ç) Azərbaycan musiqisinin təbliği və dünya birliyinin mədəniyyət təbəqələrinə daxil olmasına şərait yaratmışdır;

    d) Azərbaycan musiqisinə keçmişin mənəvi dəyərlərinin təsiri sayə- sində onun bədii ifadə vasitələrinin zənginləşməsini və nəticədə bütün sərhədləri aşıb keçən bu incəsənətin maksimum orijinallığını sübut etmişdir.

    “Azərbaycan xalq musiqisinin əsasları” əsəri ilk dəfə 1945-ci ildə rus dilində çap olunmuşdur. İlk nəşrin redaktoru Üzeyir Hacıbəylinin ən çox dəyər verdiyi, sevimli tələbələrindən biri, görkəmli pianoçu və pedaqoq Kövkəb xanım Səfərəliyeva idi.

    1950-ci ildə, Üzeyir bəyin vəfatından sonra “Azərbaycan xalq musiqisinin əsasları” əsərinin azərbaycan dilinə çevrilməsi və nəşrinin hazırlanması Ü.Hacıbəylinin digər bir tələbəsi, nəzəriyyə sahəsində bilavasitə onun yolunu davam etdirən Məmmədsaleh İsmayılova və bəstəkar Soltan Hacıbəyova həvalə olunur.

    1952, 1957 və  1965-ci illərdə də “Azərbaycan xalq musiqisinin əsasları” təkrarən çap olunmuşdur.

    1985-ci ildə isə Üzeyir Hacıbəylinin 100 illik yubileyinin beynəlxalq miqyasda qeyd olunması ilə əlaqədar “Azərbaycan xalq musiqisinin əsasları” azərbaycan, rus və ingilis dillərində işıq üzü görmüşdür. Sayca dördüncü olan bu nəşrin redaktoru musiqişünas-alim, Üzeyir bəyin tələbəsi Əminə Eldarova idi.

    Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» əsəri 1945-1985-ci illər ərzində bir neçə dəfə işıq üzü görsə də, hal-hazırda təqdim olunan kitabın yeni nəşri əvvəlkilərdən bir sıra cəhətlərilə fərqlənir. Belə ki, ilk dəfə olaraq, kitab latın qrafikasında çap edilir, not materialları da kompüterdə yenidən yığılmışdır. Nəşrin daha bir yeniliyi metodik tövsiyələrin əlavə olunmasından ibarətdir. Burada verilən şifahi ənənəli musiqi irsindən və bəstəkar yaradıcılığından nümunələr, testlər və biblioqrafik məlumat «Azərbaycan xalq musiqisinin əsasları» fənninin tədrisi üçün zəruri vəsaitdir və Azərbaycan ladlarının daha dərindən mənimsənilməsinə xidmət edir.

    Professor Fərhad Bədəlbəylinin təşəbbüsü ilə hazırlanan bu layihənin ən əsas yeniliyi ondan ibarətdir ki, burada ilk dəfə olaraq, Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» kitabı elektron formatda təqdim olunur ki, bu da müasir tələblərə cavab verən bir cəhət kimi diqqətəlayiqdir. Bu baxımdan Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» dərsliyini informasiya sisteminin müəyyən təbəqəsinə – elektron nəşrlərə aid etmək olar. Elektron kitab müstəqil tamamlanmış nəşr kimi, çap orijinalına uyğun olaraq, bütün məlumatları özündə saxlayır (səhifələr üzrə bölmələr, fəsillər, not nümunələrinin nömrələnməsi və s.) və elektron məhsulu kimi geniş spektrdə istifadə imkanları yaradır.

    Tariyel Məmmədov