• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Mustafayev Ramiz Hacı oğlu

    (16.10.1926, Cərco - 10.04.2008, Bakı)

    Bəstəkar, pedaqoq, dirijor, musiqi-ictimai xadim, professor (2001).

    Azərbaycanın əməkdar incəsənət xadimi (1973), Xalq artisti (1987), “Şöhrət” ordeni (2001) ilə təltif olunmuşdur.

    Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas: 1948-1952-ci illərdə vokal üzrə (professor Bülbülün sinfi), 1952-1957-ci illərdə bəstəkarlıq üzrə (professor B.Zeydmanın sinfi) təhsil almışdır.

    R.Mustafayev 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, 1968-1973-cü illərdə katibi olub. 50 ilə yaxın bir dövrdə Azərbaycan Dövlət Televiziyası və Radiosunun xorunda əvvəl xormeyster, daha sonra baş dirijor və bədii rəhbər kimi çalışmışdır. Həmçinin, Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoiyasının professoru kimi çalışaraq gənc musiqiçi kadrlar yetişdirmişdir.

    R.Mustafayev  6 operanın - “Vaqif”, “Polad”, “Aydın”, “Şirin”, “Xan və əkinçi”, “Tərs keçi” operalarının, 5 operettanın (“Məsmə xanım dayımdır”). 9 oratoriyanın (N.Xəzrinin sözlərinə “Salatın”, B.Vahabzadənin sözlərinə “Məhəmməd və Leyla”), 8 simfoniyanın, 5 vokal-simfonik poemanın (Ə.Cavadın sözlərinə “Nədən yarandın”, M.Füzuli və H.Ziyanın sözlərinə “Füzuli”, M.İsmayılın sözlərinə “Bu qan yerdə qalan deyil”), kantatanın (H.Ziyanın sözlərinə “Haqq sənlədir, Azərbaycan!”) müəllifidir. 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.