Abbasov Əşrəf Cəlal oğlu
(23.03.1920, Şuşa - 8.02.1992, Bakı)
Bəstəkar, musiqişünas, pedaqoq, musiqi-ictimai xadim, professor.
Sənətşünaslıq namizədi (1952), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1963), Azərbaycanın Xalq Artisti (1968).
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1953–1957-ci illərdə Konservatoriyanın rektoru, 1957-1972-ci illərdə bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışmışdır. O, həmçinin 1943-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü və İdarə Heyətinin üzvü olmuşdur.
Əşrəf Abbasov ilk Azərbaycan uşaq baleti olan “Qaraca qız” baletinin (1965), fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün “Konsertino”nun (1948), “Şuşa” (1945), “Gələcək gün” (1952), “Dramatik” (1953) simfonik poemalarının, “Səndən mənə yar olmaz” (1963), “Dağlar qoynunda” (1970) operettalarının, bir çox instrumental əsərlərin, xor, mahnı və romansların müəllifidir. O, Moskvada dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi adına layiq görülüb. “Üzeyir Hacıbəyov və onun “Koroğlu” operası” (1956) monoqrafiyası, bir sıra məqalələri elmi məcmuələrdə və dövri mətbuatda çap olunmuşdur.