Ələsgərov Süleyman Əyyub oğlu
(22.02.1924, Şuşa – 22.01.2000, Bakı)
Bəstəkar, dirijor, pedaqoq, musiqi-ictimai xadim, professor (1976). Azərbaycanın Xalq artisti (1974).
Ü.Hacıbəyov adına respublika mükafatı laureatı (1967), Dövlət mükafatı laureatıdır. “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
1948-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq üzrə (professor B.Zeydmanın sinfi) bitirmişdir.
Müxtəlif illərdə Bakı Musiqi texnikumunun direktoru, Azərbaycan Televiziya və Radiosu Xalq Çalğı Alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru və baş dirijoru olmuşdur. 1956-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında çalışmış, “Xalq çalğı alətləri” kafedrasının müdiri olmuş, xalq çalğı alətləri orkestri üzrə dirijor kadrlar yetişdirmişdir.
11 operettanın (“Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” və s.), 2 operanın (“Bahardır və Sona”, “Solğun çiçəklər”), kantata, simfoniyalar, simfonik poemaların, o, cümlədən, “Bayatı-Şiraz” simfonik muğamının (1950) müəllifidir. Azərbaycan xalq çalğı alətləri orkestri üçün əsərlər - “Cəngi”, “Lirik pyeslər”, “Sözsüz mahnı”lar, tar və orkestri üçün konsert bəstələmişdir. Bir sıra nahnı və romansların (“Vətənimdir”, “Yada düşdü”, “Sərvi-xuramanım mənim” və s.) müəllifidir.