30 sentyabr 2025-ci il
Qarabağ Universitetinin İncəsənət fakültəsində tələbələrin peşəkar inkişafına dəstək məqsədilə “Ustad dərsləri silsiləsi” adlı layihəyə başlanılmışdır.
30 sentyabr 2025-ci il tarixində Qarabağ universitetində “Ustad dərsləri silsiləsi” adlı layihəsinin ilk tədbiri baş tutdu.
Əvvəlcə Universitetin rektoru Şahin Bayramov tədbirdə ön sözlə çıxış edərək, tələbələrin sənət dünyası ilə birbaşa təmasda olmalarının onların peşəkar inkişafına töhfə verəcəyini vurğuladı.
Qeyd edək ki, “Ustad dərsləri silsiləsi” layihəsinin ilk qonağı pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundova oldu.
O, hər kəsi salamlayaraq, azad Qarabağda belə əhəmiyyətli tədbirlərin keçirilməsindən məmnunluğunu bildirdi. Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaranmasının 100 illiyinə həsr olunmuş üç cildlik kitab və Xalq artisti, dünyaşöhrətli pianoçu, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin həyat və yaradıcılığına həsr olunmuş yeni nəşri, "Sergey Raxmaninovun fortepiano konsertləri" dərs vəsaiti kitabı və Xalq artisti, professor Yeganə Axundovanın ifasında səsləndirilən Fikrət Əmirovun əsərlərindən ibarət “Fikrət Əmirov 100” adlı diskini Qarabağ universitetinə hədiyyə etdi.
Diskdə səsləndirilən 12 miniaturun İctimai Televiziya tərəfindən məhz F.Əmirovun vətənində lentə alınan rəngarəng və ecazkar görüntüləri video-çarx vasitəsilə nümayiş olundu.
Sonra Səməd Vurğun adına ev muzeyinin direktoru, Beynəlxalq müsabiqələr laureatı, Vurğun Vəkilova söz verildi və o, öz yaradıcılıq fəaliyyəti, nailiyyətləri haqqında bəhs etdi.
Ardınca istedadlı gənc pianoçular Vurğun Vəkilov və Əbdüləli Hüseynli zəngin konsert proqramı ilə çıxış edərək, məharətli ifaları ilə dinləyicilərin ruhunu oxşadılar.
01 oktyabr 2025-ci il tarixində isə Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundovanın ustad dərsi baş tutdu. Tələbələrlə görüşdə Y.Axundova ifaçılıq sənətinin incəlikləri ilə bağlı təcrübəsindən danışıb və gənc musiqiçilərə tövsiyələrini çatdırıb. Tələbələr üçün olduqca faydalı və məhsuldar keçən ustad dərsin davamlı olaraq keçirilməsi arzulandı.
Qeyd edək ki, layihə çərçivəsində digər sahələr üzrə də tanınmış sənətkarların universitetdə ustad dərsləri keçməsi planlaşdırılır.