• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 may 2025-ci il

    Siyəzəndə ustad dərsləri uğurla başa çatdı

    26–27 may 2025-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Siyəzən şəhərində yerləşən Ə.Ağayev adına Uşaq İncəsənət Məktəbində fortepiano, violin və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunub.

    Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş bu layihə regionlarda musiqi təhsili səviyyəsinin müasir tələblərə uyğunlaşdırılması, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarına uyğun şəkildə tənzimlənməsi, yerlərdə metodiki dəstəyin göstərilməsi və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır.

    Ustad dərsləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təcrübəli pedaqoqları tərəfindən aparılıb:

    Fortepiano ixtisası üzrə – "İxtisas fortepiano" kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı,

    Violin ixtisası üzrə – "Simli alətlər" kafedrasının professoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Əliyeva,

    Tar ixtisası üzrə – Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri, Əməkdar artist Neymət Mürsəlov.

    Dərslər zamanı ixtisas alətləri üzrə ifa texnikası, alətin düzgün tutulması, barmaqların applikaturaya uyğun şəkildə yerləşdirilməsi, qamma və etüd məşğələlərinin əhəmiyyəti, şagirdlərin texniki imkanlarının inkişaf etdirilməsi yolları ətraflı izah edilib. Həmçinin ifa olunan əsərlərin bədii və üslub xüsusiyyətləri, dinləyiciyə düzgün emosional və musiqi mesajının çatdırılması üçün ştrix və nüanslara xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

    Ustad dərslərində iştirak edən müəllim və şagird kollektivləri belə layihələrin regionlarda mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb, bu təşəbbüslərin musiqi təhsilinin inkişafında mühüm rol oynadığını qeyd ediblər.