• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 fevral 2025-ci il

    Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasında Dmitri Sitkovetskinin Ustad dərsi keçirildi.

    03 fevral 2025-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) konfrans zalında dünya şöhrətli violin ifaçısı və dirijor Dmitri Sitkovetski ustad dərsi keçirdi. Musiqi dünyasında virtuoz ifası və dərin interpretasiyaları ilə tanınan Böyük Britaniyadan olan sənətkar gənc musiqiçilərlə görüşərək, onların ifaçılıq bacarıqlarını inkişaf etdirmək məqsədilə dəyərli tövsiyələrini paylaşdı.

    Öncə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova qonağı təqdim edərək, onun musiqi sənətindəki əhəmiyyətli rolunu vurğuladı.

    Ustad dərsdə Bakı Musiqi Akademiyasının tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi iştirak edərək aşağıdakı proqramla çıxış etdilər:

    Kənan Məmmədzadə (II kurs) – İ.S.Bax. 1 saylı sonatadan Adajio və Fuqa (g-moll);

    Xədicə Qasımova (I kurs) – N. Paqanini Konsert №1 (II, III hissə);

    Səbinə Həsənzadə (II kurs) – P.Sarasate “Faust” operasının mövzusuna fantaziya;

    Elmira Dadaşova (Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi) – H. Venyavski Polonez D-dur.

    D.Sitkovetski hər bir ifaçının çıxışını diqqətlə dinləyərək, texniki incəliklər, musiqi ifadəliliyi və interpretasiya məsələləri ilə bağlı qiymətli məsləhətlər verdi. Gənc musiqiçilər ustad sənətkarın tövsiyələrini böyük maraq və həvəslə qəbul edərək, öz peşəkar inkişafları üçün yeni biliklər əldə etdilər.

    Bakı Musiqi Akademiyası dünya miqyaslı musiqiçilərin iştirakı ilə keçirilən bu cür ustad dərslərin gənc ifaçıların inkişafında mühüm rol oynadığını əsas götürərək, gələcəkdə də bu ənənəni davam etdirməyi hədəfləyir.