23 may 2023-cü il
Öncə BMA-nın “Fortepiano” fakültəsinin dekanı, Əməkdar müəllim, professor Nəzakət Rimazi S.Mirzəyevi hər kəsə təqdim edərək, onun Bakı Musiqi Akademiyasının məzunu olub, yaradıcılığını uğurla Türkiyədə davam etdirdiyini qeyd etdi.
O da öz növbəsində hər kəsi salamlayaraq, Üzeyir bəyin ocağında həmkarları ilə yenidən görüşməkdən şad olduğu bildirdi.
Samir Mirzəyev əvvəlcə görkəmli Alman bəstəkarı Rixard Vaqnerin opera yaradıcılığından, bu sahədə etdiyi islahatlardan ümumi məlumat verdi. Sonra görkəmli macar bəstəkarı və pianoçu Ferens Listin R.Vaqnerin “Tannhauser” operasına yazdığı “Transkripsiya və parafrazlar” əsəri üzərində tarixi-texniki təhlil apardı.
O, əsərin yaranma tarixindən bəhs etməklə yanaşı, əsəri ifa edib, ətraflı şəkildə təhlil etdi və buradakı texniki çətinlikləri dinləyicilərin nəzərinə çatdırdı.
Dosent S.Mirzəyev R.Vaqnerin operanı yazarkən bəhrələndiyi orta əsr mifologiyasındakı hər bir obrazın xüsusiyyətlərinin və eyni zamanda operadakı orkestrin ifa imkanlarının F.List tərəfindən fortepiano alətinə məharətlə köçürüldüyü haqqında da ətraflı məlumat verdi.
Leksiya-konsert hər kəs tərəfindən maraqla qarşılandı.
Sonra Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə elmi rəhbəri olduğu S.Mirzəyevin yaradıcılığını, əzmkarlığını, zəhmətkeşliyini, peşəsinin vurğunu olduğunu yüksək qiymətləndirdi.
Ardınca BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva tələbələrə təqdim olunan maarifləndirici leksiya-konsert üçün Samir müəllimə təşəkkürünü bildirdi.
Sonda tədbirdə qonaq qismində iştirak edən tanınmış aktyor, Azərbaycanın Xalq artisti Vidadi Həsənova söz verildi.
O, Samir Mirzəyevin peşəkar ifasından böyük zövq aldığını, görkəmli musiqiçilər haqqında yeni məlumatlar əldə etdiyini bildirdi və belə tədbirlərin davamlı olmasını arzuladı.