6 fevral 2026-cı il
Azərbaycanlı Gənc Pianoçular Beynəlxalq Müsabiqədə Uğur Qazandılar
Hər il olduğu kimi bu il də 26 yanvar-06 fevral 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində “Fujairah International Piano Competition” VIl Beynəlxalq Piano Müsabiqəsi keçirildi. Qeyd edək ki, müsabiqənin Azərbaycanda keçirilən dinləyişində Fujairah şəhərinin vəliəhdi Sheikh Mohammed Bin Hamad Al Sharqinin təsis etdiyi “Fine Art Academy” tərəfindən Bakıya gələn seçim komissiyası üzvləri, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının(BMA) Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, Xalq artisti, professor, pianoçu Murad Adıgözəlzadə, BMA-nın “Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimazi tərəfindən seçilən Nərgiz Kəngərli, Azərin Mustafazdə, Ləman Seyidova müsabiqədə iştirak etmə haqqı qazandı. Bilavasitə, BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru Yeganə Axundova Fujairah şəhərində keçirilən müsabiqədə Azərbaycan üzrə fəxri qonaq qismində iştirak etmiş və mükafatlandırlımışdır.
Akademiyanın fortepiano ixtisası üzrə I kurs tələbəsi professor N.Rimazinin sinfində təhsil alan Azərin Mustafazadə C kateqoriyasında II yerə, Almaniyanın Berlin şəhərində yerləşən Barenboin-Said Academiyasının I kursunda təhsil alan Ləman Seyidova isə C kateqoriyasında 6 qalib yerdən VI yerə layiq görülmüşdür.
Hər il keçirilən müsabiqədə BMA və Azərbaycandan seçilmiş tələbələr uğurla iştirak etmişlər, bu il isə nail olduğumuz qalibiyyət bizi xüsusiylə fərəhləndirdi. Bu uğurda Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimaziyə xüsusi təşəkkürümüzü bildiririk.
Beynəlxalq müsabiqədə müvəffəqiyyətlə çıxış edən tələbələrimizi təbrik edir, yeni müsabiqələrdə uğurlar arzulayırıq!