• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 noyabr 2025-ci il

    VIIl Beynəlxalq "World Harmony" müsabiqəsi keçirildi

    17–20 noyabr 2025-ci il tarixlərində İspaniyanın Barselona-Andorrada VIIl Beynəlxalq "World Harmony" müsabiqəsi uğurla başa çatdı. Gənc və istedadlı musiqiçilərin yaradıcılıq inkişafını hədəfləyən tədbirdə Gürcüstan, İspaniya, Litva və Türkiyə olmaqla bir neçə ölkədən gənc iştirakçılar bir araya gəldilər.

    Qeyd edək ki, beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri sırasında Azərbaycan üzrə Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Əməkdar müəllim, professor Hökumə Əliyeva yer almışlar.

    Müsabiqə çərçivəsində 4 yaş kateqoriyası üzrə müxtəlif nominasiyalar – fortepiano, nəfəs alətləri, simli alətlər və ansambl ifaçılığı – üzrə çıxışlar nümayiş etdirildi. Gənc musiqiçilərin səhnə mədəniyyəti, ifa bacarığı və yaradıcılıq potensialı beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirildi.

    Müsabiqə-festivalın yekununda iştirakçılar müvafiq olaraq laureat və diplomant adlarına layiq görülərək diplomlarla, digər iştirakçılar isə sertifikatlarla təltif olunmuşdur. Bu müsabiqə, gənc musiqiçilərin bacarıqlarını nümayiş etdirmək və beynəlxalq səviyyədə tanıtmaq baxımından mühüm bir platformaya çevrildi.