• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 dekabr 2020-ci il

    Qarabağın görkəmli musiqi xadimi Süleyman Ələsgərov

    Məcidzadə Nəzrin

    “Tarix-nəzəriyyə” fakültəsi

    Musiqişünaslıq ixtisası IV kurs

    Qarabağın görkəmli musiqi xadimi Süleyman Ələsgərov.

    Çoxəsrli tarixə malik olan Azərbaycanın  ən qədim,ən zəngin mədəniyyət mərkəzlərindən biri olan Qarabağ bəşər sivilizasiyasına onlarla məşhur elm və sənət xadimləri bəxş etmişdir. Xüsusilə musiqi mədəniyyətimizin inkişafına böyük töfhələr vermiş,musiqi tariximizdə “ilk”ləri yaratmış bir çox  görkəmli simaların yaradıcılıq səhifələri Qarabağın baş tacı olan Şuşa şəhəri ilə bağlıdır. Milli musiqimizi daim yaşadan xanəndə və sazəndələr,peşəkar musiqi sənətimizin banisi, dahi şəxsiyyət Üzeyir Hacıbəyli və onun bənzərsiz ənənələrini davam etirən bir çox bəstəkarlar  bu diyarın yetişdirmələridir. 

      Şuşanın zəngin ab-havasından qidalanan istedadlı simalardan biri də görkəmli bəstəkar,pedaqoq, dirijor, ictimai xadim Süleyman Ələsgərovdur.Onun çoxşaxəli yaradıcılığı musiqi mədəniyyətimizdə əhəmiyyətli yerlərdən birini tutur.Xalq musiqisini kiçik yaşlarından dərindən mənimsəyən  Ələsgərov, qəlbindəki milli ruhun ifadəsini  ilk öncə bəstəkar kimi deyil, tarzən  kimi göstərmişdir. O,tarda ilk ifaçılıq təcrübələrini 11 yaşında qəbul olduğu Şuşa musiqi texnikumunda alır. Burada təhsil aldığı illərdə ifaçılıqla yanaşı, həmçinin  yüksək təşkilatçılıq qabiliyyətini sərgiləyir: texnikumda istedadlı musiqiçilərdən ibarət xalq çalğı alətləri orkestrini yaradır. Beləliklə,orkestrin geniş imkanları vasitəsilə  folklor musiqimizin zəngin çalarları bir daha nümayiş etdirilir.

       Şuşa musiqi texnikumunu bitirdikdən sonra Süleyman Ələsgərov 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasında  bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfində təhsilini davam etdirir. Üzeyir bəyin musiqi ruhuna  hələ uşaq yaşlarından bələd olan Ələsgərov, onunla əyani formada məhz ilk dəfə konservatoriyda tanış olur.Eyni zamanda qeyd etmək lazımdır ki,burada  Ü.Hacıbəyovla yanaşı,həmçinin bir çox görkəmli musiqiçilərimiz də fəaliyyət göstərirdi. Bu da, S.Ələsgərovun  yaradıcılıq bünövrəsinin mükəmməlləşməsi üçün böyük bir təkan olmuşdur.

     S.Ələsgərovun tələbəlik illərində ərsəyə gətirdiyi rəngarəng əsərlər onun gələcəkdəki geniş  bəstəkarlıq uğurlarından xəbər verirdi.Təhsil adlığı dövr Böyük Vətən müharibəsi illərinə (1941-1945)təsadüf etdiyi üçün, yaradıcılığının erkən dönəmlərində meydana gələn nümunələrdə qəhrəmanlıq ab-havası,müharibə mövzusu xüsusi olaraq seçilirdi. “Gözlə məni” romansı,simfonik orkestr üçün “Süita”, xalq çalğı alətləri orkestri üçün “Qaytağı”, “Yallı”, “Cəngi” kimi əsərlər buna parlaq misal ola bilər.Ü.Hacıbəyli tərəfindən  böyük rəğbətlə qarşılnanan “Gözlə məni” romansı bəstəkarın ilk uğurlu yaradıcılıq məhsullarındandır.

      Süleyman Ələsgərovun yaradıcılığında  musiqili səhnə əsərləri əhəmiyyətli yerlərdən birini tutur.  “Bahadur və Sona”, “Solğun çiçəklər” operası,  “Məhəbbət gülü”, “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”  və digər  operettaları ,özünəməxsus  xüsusi çəkiyə malik olan əsərlərdəndir.Bəstəkar operetta janrında dövrün aktual problemlərini işıqlandırmış,buradakı mənfi və müsbət cəhətləri zəngin musiqi dili vasitəsilə ifadə etmişdir.  S.Ələsgərovun  bu sahədə  ən çox uğur qazandığı əsərlərindən biri də “Ulduz” musiqili komediyasıdır. 1948-ci ildə  tamaşaya qoyulan və ilk gündən ümumxalq  məhəbbətilə qarşılaşan bu əsər hətta sonrakı dövrlərdə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılmışdır.

       S.Ələsgərovun  musiqi dilinin parlaq  ifadəsi həm avropa, həm də milli alətlərimizdə təcəssüm etdirilib.   Xalq çalğı alətləri orkestri üçün yazdığı  Birinci, İkinci, Üçüncü  konsertlər, “Rəqs”, “Fantaziya”, “Marş”, “Yollar”, kamança və orkestr üçün “Tarantella”, balaban və orkestr üçün “Xəyala dalarkən” və s.kimi əsərlərində bəstəkar, musiqi alətlərimizin geniş imkanlarını  bir daha sübut etmişdir. Simfonik orkestr üçün bəstələdiyi əsərlərindən “Bayram” uvertürası, general  Həzi Aslanova həsr etdiyi simfonik poema, “Vətən” və “Gənclik” simfoniyaları  yüksək keyfiyyəti ilə seçilən nümunələrdən hesab olunur. Ən əsası da onu qeyd etmək lazımdır ki, S.Ələsgərov, F.Əmirov yolunu davam etdirərək, muğamlarımıza yeni həyat bəxş etmiş, “Bayatı-Şiraz” simfonik muğamını ərsəyə gətirmişdir.

      Bəstəkarın yaratdığı qiymətli sənət nümunələri içərisində mahnı janrı da  özünəməxsus yerlərdən birini tutur.200-dən çox mahnı müəllifi olan S.Ələsgərov, vətənə olan dərin məhəbbətini bu janrda da təcəssüm etdirib.Göygöl”, “Şuşa”, “Mingəçevir”, “Naftalandadır”  və s. kimi nümunələr bura bariz nümunə ola bilər.S.Ələsgərov həmçnin Azərbaycan professional musiqisində ilk sözsüz mahnı janrının yaradıcısıdır.

       Musiqi mədəniyyətimizi valehedici səhifələrlə zənginləşdirən S.Ələsgərovun ictimai sahədə də əvəzsiz xidmətləri olmuşdur.  O, müxtəlif illərdə Asəf Zeynallı adına Musiqi texnikumunun direktoru,Dövlət Televiziya və Radio Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru və musiqi bədii rəhbəri, Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri  kimi vəzifələridə çalışmışdır.

        Daim Şuşa sevgisi ilə yaşayan bəstəkarın ən böyük arzusu vətəninin düşmən işğalından azad olmasında idi.Mən əminəm ki, bu günki tarixi gündə Qarabağın işğaldan azad olunması Süleyman bəyin də ruhunda yaranmış həsrət acısını dindirmiş və şad etmişdir.

     

    Ədəbiyyat siyahısı:

    1. Zemfira Səfərova Azərbaycan Musiqi Tarixi.Üçüncü cild. “Elm”, “Bakı”-2018.
    2. musigi-dunya.az .Süleyman Ələsgərov-80. Maya Qafarova
    3. az. Üzeyir ruhlu sənətkar: Süleyman Ələsgərov.Səadət Təhmirazqızı.Mədəniyyət-2011.23 fevral.