3 aprel 2026-cı il
3 aprel tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumu (WUF 13)”nun Azərbaycanda keçirilməsinin əhəmiyyəti mövzusunda məlumatlandırıcı tədbir keçirildi.
Tədbirin açılışında Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova çıxış edərək WUF-un qlobal əhəmiyyətindən, Azərbaycanın bu mötəbər platformada iştirakının strateji rolundan bəhs etdi.
Daha sonra sahə üzrə mütəxəssislər – Emin Hüseynzadə, Cəmilə İsmayılzadə, Nərmin Tahirli və çıxış edərək şəhərsalma sahəsində qlobal trendlər, dayanıqlı və inklüziv inkişaf modelləri, innovativ yanaşmalar barədə geniş məlumat təqdim etdilər.
Qeyd olundu ki, WUF dünyanın ən nüfuzlu şəhər planlaşdırma platformalarından biri olmaqla, şəhərlərin gələcəyinə dair mühüm beynəlxalq dialoqu formalaşdırır və bu forumun Azərbaycanda keçirilməsi ölkəmizin qlobal səviyyədə tanınmasına mühüm töhfə verəcək.
Tədbir çərçivəsində musiqili proqram da təqdim olundu. Niyazinin “Rast” simfonik muğamından fraqmentlər (ifa etdi:beynəlxalq müsabiqələr laureatı Kənan Bağırov; müşayiət etdi Arzu Səfərova).
Eyni zamanda Emil Əfrasiyabın Ü.Hacıbəyli əsərlərinə parafrazı I kurs tələbəsi Ərtoğrul Balayev tərəfindən ifa olundu. Fikrət Əmirovun “Azərbaycan elləri” əsəri isə 3-cü kurs tələbəsi Leman Babazadə tərəfindən səsləndirildi (müşayiət etdi: Nurcan Rzayeva).
İnteraktiv formatda təşkil olunan tədbirdə iştirakçılar mövzu ətrafında suallar ünvanlayaraq müzakirələrdə fəal iştirak etdilər. Tədbirin əsas məqsədi WUF-un mahiyyəti, onun qlobal əhəmiyyəti və şəhərsalma sahəsində yeni perspektivlər barədə geniş məlumat vermək idi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
