• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 dekabr 2025-ci il 

    Qaranlıqdan işığa aparan musiqi: Nigar Süleyman və İlham Nəzərovun yeni “Elegy” layihəsi
    Söz, səs və süni intellektin qovuşduğu an: “Elegy” onlaynda
    Sözləri Leyla Əliyevaya, musiqisi isə Nigar Süleymana məxsus olan “Elegy” adlı yeni musiqi əsəri Əməkdar artist İlham Nəzərovun ifasında Youtube platformasında dinləyicilərə təqdim olunub.
    Qeyd edək ki, “Elegy” mahnısının üzərində iş 2025-ci ilin yay aylarında başlanılıb. Süni intellektlə hazırlanmış vizual animasiyalar, canlı çəkilişlər, səsyazma və yayım mərhələləri isə payız aylarında tamamlanıb. Mahnının ideyası sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov tərəfindən irəli sürülüb, şeir seçimi aparılıb və ilkin mərhələdə layihənin Avroviziya üçün hazırlanması planlaşdırılıb. Sonradan əsərin 12 dekabr tarixində yayımlanmasına qərar verilib.
    Mahnının prodakşn və aranjiman işi Nigar Süleyman tərəfindən həyata keçirilib. Səsyazma, miks və masterinq DUOMORECORDS studiyasında SHIRVAN tərəfindən icra olunub. Layihədə süni intellekt əsaslı animasiya və prompt üzrə mütəxəssis kimi NARVISION.AI (Alimuhsin Memmedsoy) iştirak edib. Canlı video çəkilişləri də Alimuhsin Məmmədsoy tərəfindən reallaşdırılıb. Layihənin prodüser və meneceri Nigar Süleymandır.
    Layihə metafora və dərin fəlsəfi anlayışlar üzərində qurulub. Mahnıda qaranlıq və işıq, günəş və ay, mənəviyyat, əbədi yaddaş, ölməzlik, ümid, arzu, sevgi və ruhun yüksəlişi kimi mövzular ön plana çıxır.
    Maraqlı məqamlardan biri odur ki, mahnının sonunda Leyla Əliyevanın ingilis dilinə tərcümə olunmuş “Elegiya” şeiri muğam intonasiyasının müşayiəti ilə Azərbaycan dilində səsləndirilir.
    Mahnının klipində zəngin simvolik məna daşıyan vizual elementlərdən istifadə olunub. Süni intellektlə yaradılmış animasiya sonradan canlı video çəkilişlərlə birləşdirilərək tamaşaçıya təqdim edilib.
    Kompozisiyada İlham Nəzərovun kontratenor səsi ilə yanaşı bariton səs tembri də yer alır. İfa zamanı klassik üslubdan rok elementlərinə keçid edilməsi əsərə fərqli və müasir çalar qatır.
    Əsərdə akademik vokal, estrada və rok üslubları ilə yanaşı milli vokal elementlərindən də istifadə olunub. Bununla paralel olaraq ifaçı həm də qiraətçi kimi çıxış edərək musiqi əsərinə əlavə bədii və dramatik çalar gətirmişdir.