• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 dekabr 2025-ci il 

    Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş bu tədbir, Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin SABAH qruplarında təhsil alan II və III kurs musiqişünas tələbələrinin “YARADICI TƏLƏBƏ” layihəsi çərçivəsində hazırladığı təqdimatdır.
    Tədbir 1 dekabr 2025-ci il tarixində professor Gülzar Mahmudovanın müəllifliyi və rəhbərliyi, professor Kəmalə Ələsgərlinin isə koordinatorluğu altında keçirilmişdir.
    Proqram Azərbaycan Respublikasının Dövlət Himni ilə açılmış, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Əhdnamə” əsəri ilə başa çatmışdır. Tədbirdə SABAH qruplarının hər iki kursunun musiqişünas tələbələri fərdi çıxışlar etmiş, həmçinin bəstəkarlıq ixtisası tələbələri Sevgim Musazadə və Xəyal Əsədli böyük bəstəkarın əsərlərini və ona ithaf olunan yeni yaradıcılıq işlərini təqdim etmişlər. Tələbələr Nəzrin Məmmədova, Ayşən Rəfizadə, Nuray Qasımlı və Aytac İsgəndərli öz tədqiqatlarını rəqəmsal video formatında, digərləri isə əyani çıxışlarla dinləyicilərə çatdırmışdır.
    Yaradıcı yanaşmalar və elmi dərinliklə seçilən təqdimatlar, akademiyanın professor-müəllim heyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Layihə musiqi elminin gənc nəslinin yaradıcı potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycan musiqisinin banisinin irsinə dərin hörmət və davamlı marağı əks etdirmişdir.