• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 oktyabr 2025-ci il 

    Bosniyalı dirijor və “Amadeus” Fondunun rəhbəri Emir Nuhanoviç Bakı Musiqi Akademiyasının qonağı oldu
    Bakı Musiqi Akademiyasında Bosniya və Herseqovinadan olan tanınmış dirijor, “Amadeus” Fondunun rəhbəri Emir Nuhanoviç ilə görüş keçirildi.
    Emir Nuhanoviç Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşmüşdür. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva da görüşdə iştirak etmişdir.
    Görüş zamanı qonaq öz bəstələdiyi əsərləri təqdim edib və fondun fəaliyyəti barədə məlumat verdi. Söhbət zamanı Azərbaycan və Bosniya musiqi mədəniyyəti arasında əməkdaşlıq imkanları müzakirə olundu.
    Emir Nuhanoviç qeyd etdi ki, gələcəkdə Bakı Musiqi Akademiyası ilə birgə layihələrin həyata keçirilməsi və tələbələr üçün beynəlxalq təcrübə proqramlarının təşkili onun üçün böyük əhəmiyyət daşıyır.
    Görüş səmimi və yaradıcı atmosferdə keçib, qarşılıqlı əməkdaşlıq istiqamətində ilkin razılaşmalar əldə olundu.