20 oktyabr 2025-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası arasında bağlanan müqavilə əsasında Qazaxıstan Milli Konservatoriyasının ikinci kurs magistr tələbələri (Il qrup) 2025-ci il 20 - 31 oktyabr tarixlərində Bakı Musiqi Akademiyasında elmi təcrübə keçəcəklər.
Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva Üzeyir bəyin ocağına təşrif buyuran gənc musiqiçiləri qarşılayıb, hər zaman onlara dəstək olduqlarını bildirdi. N.Quliyeva tələbələrə BMA-daki fəaliyyətlərində onlara uğurlar arzu etdi.
Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə, Əməkdar incəsənət xadimi, “İfaçılıq” fakültəsinin dekanı professor Nəzmiyyə Abbaszadə və Əlavə Təhsil şöbəsinin müdiri, dosent Nərgiz Hüseynova, şöbənin əməkdaşı Firudin Əliyev tələbələrə ürək sözlərini bildirib, onlara ixtisasartırmanı uğurla başa vurmaqlarını arzuladılar.
Qazaxıstanlı magistr tələbələr yaradılan şəraitə, göstərilən isti münasibətə görə BMA-nın rəhbərliyinə, başda rektor, Xalq artisti, professor Fərhad Bədəlbəyliyə və kollektivə dərin minnətdarlıqlarını bildirdilər.




