5 mart 2025-ci il
“Türkdilli ölkələrin milli musiqi alətləri” adlı kitabın təqdimat mərasimi keçirilib
2025-ci il mart ayının 5-də Türk Mədəniyyəti və İrsi Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlığı çərçivəsində nəşr olunan “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” adlı kitabın təqdimat mərasimi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov kitabda 6 türkdilli dövlətlərin musiqi irsinin geniş şəkildə əks olunduğunu qeyd edərək, Türk dünyasına, Türk musiqi mədəniyyətinə töhfə olduğunu vurğulayıb.
Tədbir mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Günay Əfəndiyeva, Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, Elm və yaradıcılıq işləri üzrə prorektor, f.e.d., Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Türkiyənin Osmaniyə Korkut Ata Universiteti “Memarlıq, dizayn və incəsənət” fakultəsinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Meysər Kaya çıxış ediblər. Həmçinin kitabın redaksiya heyətinin Mərkəzi Asiyadan olan ekspertləri – Qazaxıstan Respublikasının Əməkdar xadimi, sənətşünaslıq elmləri doktoru, professor Saule Uteqaliyevanın, Özbəkistan Dövlət Konservatoriyası, sənətşünaslıq elmləri doktoru, professor Şoyista Qanixanovanın, Qırğızıstan Respublikasının Xalq artisti, sənətşünaslıq elmləri doktoru, professor Roza Amanovanın, Maya Kuliyeva adına Türkmənistan Milli Konservatoriyasının “Musiqi tarixi” kafedrasının baş müəllimi və müdiri Bahargül Yaqubovanın video müraciəti də dinlənilib.
Kitab qədim və zəngin tarixə malik olan Türkdilli ölkələr arasında mədəni əlaqələrin inkişafında yeni səhifə açdı. İlk dəfə türk mədəniyyətinin vacib hissəsi olan milli musiqi alətlərini birləşdirən “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” adlı kitab musiqi ictimaiyyətinə təqdim olundu. Kitabın layihə rəhbərləri Ü.Hacıbəyli adına BMA-nın rektoru, SSRİ-nin və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, Türk Mədəniyyəti və İrsi Fondunun birinci prezidenti Günay Əfəndiyevadır. Redaktorlar professor Gülnaz Abdullazadə, tədris hissə üzrə prorektor, pedaqogika üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim Nərminə Quliyeva, Xalq artisti, professor Yeganə Axundova, Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, redaksiya heyətində isə Xalq artisti, professor Ramiz Quliyev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İmina Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli və Mərkəzi Asiyadan olan ekspert alimlər daxildir.
Belə ki, bu nəfis tərtibatla nəşr olunan kitabda 4 dil (azərbaycan, rus, türk, ingilis), Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan milli musiqi alətləri haqda geniş məlumat toplanılmış, hətta unudulmuş, yaddan çıxmış alətlərə də yer verilmişdir. Elmi mənbələrə əsaslanaraq kitabda Türkdilli xalqlara məxsus 104 musiqi alətindən bəhs edilir. Həm də alətlərin tarixi haqqında izahlar da qeyd olunub. Kitabı nəşr etməkdə məqsəd, türk mədəniyyəti tarixinin mirasının nə qədər zəngin və qədim olduğunu göstərməkdir.
Musiqişünaslar, etnomusiqişünaslar, folklorşünaslar üçün nəzərdə tutulan kitab, alətlərin mərhələli inkişaf tarixindən, morfologiya, konstruksiyası və texniki xüsusiyyətləri haqqında habelə, orkestr, ansambl tərkibində ifaçılıq imkanlarından bəhs edir. Türk xalqlarının ulu keçmişinin tarixi olan qədim türk musiqi alətlərinin layihə çərçivəsində musiqi ictimaiyyətinə təqdimi olduqca vacib məsələlərdəndir.
Təqdimat mərasimində toplaşan incəsənət xadimləri, ziyalılar zəngin türk musiqisinin yaşadılmasında bu kitabın əhəmiyyətindən söz açıblar. Kitab gələcək nəsillərə ötürülməsində mənbə və töhfə kimi qiymətləndirilib.
Təqdimat mərasimi bədii hissə ilə davam edib. Belə ki, Qədim Musiqi Alətləri Ansamblının ifasında Əbdülqadir Marağainin bəstəsi əsasında kompozisiya, Ü.Hacıbəylinin “Sənsiz” romansı Əməkdar artist Ramil Qasımovun və F.Əmirovun “Azərbaycan elləri” romansı beynəlxalq müsabiqələr laureatı Nərgiz Cəfərovanın ifasında səslənib. Bununla yanaşı, azərbaycan və qazax musiqiçilərinin dombra, şankobız və jetigen musiqi alətlərində “Aday” kompozisiyası dinlənilib.
Təqdimat mərasimində Azərbaycan Respublikasının diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, elm və incəsənət xadimləri, Ü.Hacıbəyli adına BMA-nın müəllim heyəti, Elmi-tədqiqat laboratoriyasının əməkdaşları və qonaqlar iştirak edirdilər.
Nəsirova-Əhmədova Fidan
“Şifahi ənənəli Azərbaycan musiqinin
və yeni istiqamətlərin tədqiqi” adlı
emi laboratoriyanın elmi işçisi